
Bakı. Trend:
Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı ziyarətçiləri
Azərbaycanda şərab istehsalı ilə yaxından tanış etməklə yanaşı, həm
də maraqlı əyləncə proqramı ilə yadda qalacaq.
Trend xəbər
verir ki, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük
və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festival
sentyabrın 13-də xüsusi şou ilə başlayacaq.
Həmin gün səhnəyə Meksika və samba üslubunda musiqilər ifa edən
“Mexican band” qrupu çıxacaq. Festivala qatılacaq digər musiqi
qrupları rok və hip-hop üslubunda dinamik performansları ilə
seçilən “Gaga band” və simli alətlərdə ifa edən “The Passion band”
olacaq.
“Bəri bax” qrupunda çıxış etmiş, daha sonra 2017-ci ildə
“Skeletons” mahnısı ilə “Eurovision”da Azərbaycanı təmsil edən
Diana Hacıyevanın rəhbəri olduğu “Dihaj” qrupu da festival
iştirakçıları sırasındadır. Ziyarətçilərə qrupun ifasında
eksperimental elektron musiqi təqdim olunacaq. Azərbaycanın
tanınmış caz ifaçılarından biri, beynəlxalq müsabiqələrin
iştirakçısı Ülviyyə Rəhimova da Üzüm və Şərab Festivalının qonağı
olacaq. Festivalın birinci günü tamaşaçıların qarşısına çıxacaq
növbəti musiqi iştirakçısı gənc bəstəkar və ifaçı Kazım Candır. O,
festivalda dinamik çıxışı ilə tamaşaçılara unudulmaz anlar
yaşadacaq. 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində Eldar
Qasımovla birlikdə “Running Scared” mahnısı ilə birinci olan,
populyar ifaları ilə sevilən Nigar Camal, həmçinin 2014-cü ildə
“Start a Fire” mahnısı ilə “Eurovision”da ölkəmizi təmsil edən
Dilarə Kazımova da festivalın birinci günündə səhnəyə çıxacaqlar.
Enerjisi və xarizması ilə seçilən kubalı müğənni, rəqqasə və
xoreoqraf Edglis Hayle Latın Amerikası ritmləri ilə festival
iştirakçılarını rəqsə dəvət edəcək. DJ İradə xalq musiqisinin
kökləri əsasında yaradılan enerjili trekləri, digər gənc DJ Kamo
isə müxtəlif tamaşaçı zövgünə uyğun musiqiləri ilə festivalı daha
ritmli və dinamik edəcəklər.
Sentyabrın 14-ünün də musiqi proqramı rəngarəng olacaq. Həmin
gün festivalın açılışını müasir pop janrında çıxış edən, səsi və
fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.
İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış edən
Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları
unudulmaz anlar vəd edir. Retro tərzdə sevilən mahnılar ifa edən
“Retro Band”, iki dəfə “Eurovision”da çıxış edən, “The Voice
Türkiye” yarışmasının qalibi Elnur Hüseynov, populyar estrada
müğənnisi Nura Suri, “Qaya” dövlət ansablının solisti Humay
Aslanova, müğənni və bəstəkar, pop, caz və xalq musiqisini
birləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva,
populyar müğənni Samir Piriyev, həmçinin Nigar Camal və DJ Kamo da
səhnədə bir-birindən fərqli təqdimatlar edəcəklər.
Festival iştirakçılarını iki gün ərzində maraqlı proqram
gözləyir. Onlar üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm
potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı,
müxtəlif interaktiv oyunlara da qatıla biləcəklər.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi,
şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda
üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin
geniş ictimaiyyətə çatdırılmasıdır. Bu il festivalda 23 şərab
brendi iştirak edəcək. Bununla yanaşı, 2 gün ərzində festival
ərazisində sərgi, müxtəlif ustad dərsləri zonaları və məşhur
restoranların pavilyonları quraşdırılacaq.
Yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif
çeşidli şərab məhsullarının dequstasiyaları təşkil ediləcək,
ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli – zavod qiymətinə
əldə edə biləcək, ustad dərslərində iştirak etmək, şərab evlərinin
maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.
Festivalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsilə
qeydiyyatdan keçə bilərlər.

