Azərbaycan Avropa antidopinq sistemində gender bərabərliyinə öz töhfəsini verir

Baş səhifə

Bakı.Trend:

Avropanın antidopinq siyasətinə səlahiyyətli qurumları
Strasburqda təmiz idmanın gələcəyini müəyyənləşdirən iki yüksək
səviyyəli toplantıda – Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə
Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 68-ci iclası və Avropa Şurasının
Antidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun 61-ci
iclasında bir araya gəliblər.

Trend Azərbaycan Milli AntiDopinq Agentliyinə
istinadən xəbər verir ki, ölkəmizi bu görüşlərdə Azərbaycan Milli
Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə
Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

CAHAMA-nın iclasında iştirakçılar Avropanın ortaq mövqelərini
razılaşdıraraq, WADA İcraiyyə Komitəsinin qarşıdakı iclasına
hazırlıq məqsədilə idarəetmə, rəhbərliyin seçilməsi və qitənin ali
antidopinq qurumunun gündəliyinə dair təkliflərini müzakirə
ediblər.




T-DO-nun 61-ci iclasında isə uyğunluğun monitorinqi, Gürcüstan
və Bosniya və Herseqovinada milli qiymətləndirmələr, həmçinin
Avropada dopinq maddələrinin əlçatanlığının azaldılması tədbirləri
diqqət mərkəzində olub. Görüşdə nümayəndələr “Enhanced Games”
təşəbbüsünü qınayıb və 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinə
Avropanın töhfələrini nəzərdən keçiriblər.

Əlamətdar hadisə isə “Gender bərabərliyinin antidopinq
siyasətinə inteqrasiyası” üzrə xüsusi yaradılmış işçi qrupunun
(T-DO GEMA) fəaliyyətə başlaması olub. CAHAMA-nın ekspertlərindən
ibarət Gender bərabərliyi üzrə İşçi Qrupunun (GECA) nəticələrinə
əsaslanan yeni qurum gender bərabərliyinin antidopinq sisteminin
bütün səviyyələrində təmin olunması üçün tövsiyələr və monitorinq
vasitələri hazırlayacaq. Qrupun sədri vəzifəsini AMADA-nın İcraçı
direktorunun müavini və CAHAMA-nın gender bərabərliyi üzrə
məruzəçisi Rüfət Efendiyev icra edəcək.

CAHAMA-nın car ildə sonuncu iclası noyabr ayında keçiriləcək.
CAHAMA və T-DO isə 2026-cı ilin martında Strasburqda yenidən
toplanacaq və bundan sonra Bakı WADA-nın Avropa üzrə Regional
Simpoziumuna ev sahibliyi edəcək.