Azərbaycandan tranzit daşımalarda sürətli artım müşahidə olunur – Səfir Lu Mey

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə yeddi ay ərzində Azərbaycan ərazisindən Çindən
göndərilmiş 225 konteyner bloku keçib – bu ötən ilin analoji dövrü
ilə müqayisədə iki dəfə çoxdur. Proqnozlara görə, ilin sonuna kimi
onların sayı 400-ü ötəcək.

Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey
Bakıda keçirilən brifinqdə deyib.

Bu ilin əvvəlindən etibarən Pekin, eləcə də, Şansi, Quandun və
Çjetszyan əyalətlərindən Trans-Xəzər marşrutu ilə Azərbaycan
üzərindən Avropaya yönələn Çin–Avropa qatarları uğurla yola
salınıb. “Sabah mən Çjetszyan əyalətindən Bakıya gələcək Çin–Avropa
yük qatarının qəbulu mərasimində iştirak edəcəyəm”, -deyə diplomat
qeyd edib.




Onun sözlərinə görə, Çin tərəfi, həmçinin, “Bir kəmər, bir yol”
təşəbbüsünün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə sürətlə
inteqrasiyasını fəal şəkildə təşviq edir ki, bu da Pekinlə Bakı
arasında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar
açır.

Səfir əlavə edib ki, iki ölkə arasında ticarət-iqtisadi
əməkdaşlıq sabit artım dinamikası nümayiş etdirir.

“Rəsmi statistika göstərir ki, cari ilin ilk yeddi ayında Çinlə
Azərbaycan arasında ticarət dövriyyəsi 2,45 milyard dollara çatıb
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. İllik
ticarət dövriyyəsinin rekord səviyyəyə yüksələcəyi gözlənilir.
Hazırda Çin Azərbaycanın ticarət tərəfdaşları arasında dördüncü
yeri tutur və əsas idxal mənbəyidir”, – Lu Mey vurğulayıb.