
Bakı. Trend:
Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi
xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib.
İşçi qrup, Prezident İlham Əliyevin “Böyük Qayıdışa dair II Dövlət
Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə
naziri Teymur Musayevin əmri ilə yaradılıb.
Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasa Səhiyyə Nazirliyinin Aparatı, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi,
həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəki
xüsusi nümayəndəliklərinin nümayəndələri qatıldı.
İşçi qrupunun əsas məqsədləri aşağıdakılardır:
“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində mövcud
mülki və hərbi tibbi infrastruktur, həmçinin inşası davam edən və
planlaşdırılan tibbi obyektlər barədə məlumatın toplanması;
Köç qrafikinə uyğun olaraq, azad edilmiş ərazilərdə
məskunlaşacaq əhalinin yaş və cins bölgüsünə görə tələb olunacaq
tibbi xidmətlərin növü və həcminin müəyyən edilməsi;
Mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi
məqsədilə çarpayı fondunun optimallaşdırılması;
Tibb müəssisələrinin kadrlarla təmini və tibbi heyətin
fəaliyyətinin stimullaşdırılması;
Əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin
qurulması;
Əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin
aparılması və tibbi savadlılığın artırılması;
Sanitar aviasiyasından və teletibb imkanlarından istifadə
perspektivlərinin qiymətləndirilməsi.
Toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün
tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin
təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir
avadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumi
yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması
istiqamətində müzakirələr aparılıb.
Səhiyyə naziri Teymur Musayev çıxışında Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı
çərçivəsində səhiyyə sahəsinə xüsusi önəm verildiyini vurğulayaraq
qeyd etdi:
“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili
istiqamətində görüləcək tədbirlər Böyük Qayıdış proqramının uğurlu
icrasına və regionda dayanıqlı sosial-iqtisadi inkişafın təmin
olunmasına xidmət edəcək”.
Nazir bildirib ki, nazirlik bu mühüm layihənin həyata
keçirilməsini dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək və
müvafiq qurumlarla sıx əməkdaşlıq edəcək.
İşçi qrupunun qarşıda duran məsuliyyətli vəzifələri yerinə
yetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq,
ölkənin ərazi bütövlüyü uğrunda qələbədən sonra bərpa və
yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyə
infrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyi
vurğulandı.
İclasın sonunda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq
tapşırıqlar verilib.