
Bakı. Trend:
Bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının büdcə
xərcləri dövr üçün proqnoza qarşı 84,4% icra edilərək 203,2 milyon
manat olub. Hesabat ilinin ilk 6 ayında Naxçıvan Muxtar
Respublikası büdcəsində funksional təsnifatın bütün bölmələri üzrə
icra edilmiş xərc məbləği dövrün proqnozundan aşağı olub.
Trend xəbər
verir ki, bu barədə Hesablama Palatasının muxtar respublikanın
büdcəsinin icrasına dair altı aylıq təhlilində qeyd olunub.
Bildirilib ki, hesabat dövründə əhəmiyyətli dərəcədə aşağı icra
olunması yolların, tikililərin və digər qurğuların əsaslı təmiri
ilə bağlı layihələrin, eləcə də ümumilikdə tikinti-infrastruktur
layihələrinin faktiki olaraq icra edilmədiyini və ya ləngidiyini
deməyə əsas verir.
Eyni zamanda, qeyd edilib ki, 2025-ci ilin ilk yarımilində
Naxçıvan Muxtar Respublikasının ehtiyat fondu üzrə 3,5 milyon manat
proqnozlaşdırılıb, hesabat dövründə qəbul edilmiş sərəncamlara
əsasən 34 istiqamət üzrə 3,2 milyon manat vasaitin bölgüsü həyata
keçirilib. Hesabat dövrü ərzində bölgüsü həyata keçirilmiş 3,2
milyon manatın 52,3%-i icra edilib.
“Ehtiyat fondundan istifadə edimiş vəsaitin həcmi
qanunvericiliklə müəyyən edilmiş hədd çərçivəsində olub”, – deyə
məlumatda vurğulanıb.