Türkiyənin yeni hərbi attaşesi Azərbaycana gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik
Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən
hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu
ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin
dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını, digər
sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsində də inkişafını
xüsusi vurğulayaraq bu əməkdaşlığın daha da yüksəldilməsi
istiqamətində yeni hərbi attaşeyə gələcək fəaliyyətində uğurlar
arzulayıb.

General-mayor E.Dinçer isə öz növbəsində səmimi qəbula və
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda
hərbi attaşe kimi fəaliyyətə başlamasından qürur duyduğunu ifadə
edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf
etdirilməsi naminə əzmlə çalışacağını bildirib.

Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran
general-mayor Gaffar Görenin də iştirak etdiyi görüşdə hərbi,
hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni
perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra
məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.