Oğuzda özünüməşğulluq proqramı çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramı
çərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmiş
şəxslər eyni məkanda fəaliyyət göstərəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata
görə, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra
etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə
istifadəyə verilib.

Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi –
avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər
üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə
təmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsi
üçün yaradılıb.

Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş
müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası və
təmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama və
avtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcək.

Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyət
göstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcra
Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Agentliyin İdarə
Heyətinin sədri Sadiq Əliyev və rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.




Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni iş
yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması
baxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmət
sektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərin
məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.

Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edib
ki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına,
iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin
artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd
vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı
biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində
peşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır.

Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların
məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu
vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına
əminliklərini ifadə ediblər.

Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri
mərhələli şəkildə genişləndiriləcək. Yaxın zamanda müəssisədə
avtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazval
xidmətlərinin göstərilməsinə də başlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir