“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 5-də “Coca-Cola” şirkəti, Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin
nümayəndələri Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkilişini
qeyd etmək üçün kənd sakinləri ilə görüş keçiriblər.

Trend xəbər verir ki, Şamaxı RİH-nin rəhbəri Tahir Məmmədov,
“Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova,
ADSEA-i sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA Regional
Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin iştirakı ilə
keçirilən görüşdə dövlət və şirkət nümayəndələri “Şamaxı rayonunun
Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsinin
icrasının tamamlanmasını qeyd edib və kənd sakinlərini təbrik
ediblər.

Layihə “EcoHub” ekoloji platformasının təşəbbüsü ilə “Coca-Cola”
Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı
çərçivəsində həyata keçirilib.

Ötən ilin dekabrında start verilən layihə çərçivəsində Pirsaat
su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli
magistral su kəmərinin tikintisi tamamlanıb, su mənbəyi sahəsində
nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin
edilib və kəndin içində 60 kubmetrlik su çəni quraşdırılıb. Daha
sonra kənd daxilində şəbəkə xətlərinin çəkilişi yekunlaşdırılıb,
hər evə sayğaclı və davamlı su verilməsi həyata keçirilib.

Nəticədə, kəndin 1350 sakini təmiz su ilə təmin edilib və kəndə
çəkilən suyun illik həcmi 146 milyon litr olaraq hesablanıb.




“Coca-Cola” Şirkətinin baş direktoru Rəna Məmmədova Coca-Cola
Fondunun su layihələrinin dəstəklənməsinin vacibliyini qeyd edib: “
“Coca-Cola” fəaliyyətdə olduğu hər bir ölkədə cəmiyyətin
inkişafına, icmaların yaşayışının yaxşılaşmasına daim dəstək olub.
Biz çox şadıq ki, “Coca-Cola” Fondunun dəstəklədiyi Qlobal Su
Çağırışı proqramı çərçivəsində “Mərzəndiyə kəndinin su təminatının
yaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldə
etməsinə kömək olduq və bundan qürur duyuruq. Bu mühüm layihənin
qısa zamanda həyata keçirilməsinə görə Su Ehtiyatları Agentliyinə,
Şamaxı Rayon İcra Hakimiyyətinə və “EcoHub” platformasına təşəkkür
edirik”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci
müavini Xəyyam Məmmədov isə layihənin davamlı olması üçün
çalışacaqlarını bildirib: “Mərzəndiyə kəndini su ilə təmin etmək
üçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi və
nəhayət, biz uğurlu nəticə əldə etmişik. Kəndin bütün sakinlərini
təbrik edirəm. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlu
layihələrin sayı çox olacaq”.

Şamaxı RİH rəhbəri Tahir Məmmədov rayon əhalisinin
problemlərinin hər zaman dövlətin diqqətində olduğunu və
problemlərin həlli üçün bütün imkanlardan istifadə edilərək işlərin
davam etdirildiyini qeyd edib: “Mərzəndiyə kəndinə su çəkilişi
münasibətilə hər birinizi təbrik edirəm. Dövlətimizin diqqəti və
özəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha da
yaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdə
təmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütün
tərəfdaşlarımıza minnətdaram”.

ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev də
Şamaxı və ətraf rayonların bəzi kəndlərində su çatışmazlığı
olduğunu və bu istiqamətdə işləri davam etdirdiyini bildirib: “Bu
gün çoxdan gözlənilən gündür. Nəhayət Mərzəndiyə sakinləri davamlı
su ilə təmin edildilər. Bu kənd camaatının həyatını dəyişəcək
məqamdır. Kəndin əsas ehtiyacı, əsas məsələsi bu idi. Mən də öz
növbəmdə kəndə suyun çəkilməsində əməyi olan hər bir quruma və
şəxsə dərindən minnətdarlığımı bildirirəm.”

Dövlət və şirkət nümayəndələri Mərzəndiyə kənd sakinlərinə
görülən işlərlə bağlı məlumat verib, kənd ərazisini gəziblər. Daha
sonra kəndin ağsaqqal nümayəndəsi, tanınmış ziyalı aşıq Ağamurad
Şirvanlının evinə baş çəkərək sakinlərlə səmimi söhbət ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir