
Bakı. Trend:
8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev
– qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans
keçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və
Silahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı ilə
Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndər
Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilli
liderin xatirəsi ehtiramla yad edilib.
Trend xəbər verir
ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi
ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və
respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan
şəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib.
Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icra
başçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinə
uğurlar arzulayıb.
Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də Heydər
Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin
Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib:
“Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan
Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin
yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən
“Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun
formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi,
ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası,
eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütün
sınaqlarından üzüağ çıxardı.
Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi
veteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosial
problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv
iştirakının təmin olunmasını daim diqqət mərkəzində
saxlamışdır.
Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyev
tərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı
Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın
edərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər –
“Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk
edilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlər
sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək,
öyrəniləcək və təbliğ olunacaq”.
Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali
baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük
Vətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhs
edib:
“44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə
edilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri
qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik
işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərinin
əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr
zəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milli
özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərlə
özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq
etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini
qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz.
Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən
birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru
olmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə və
təhülkəsizliyinə verdiyi önəmi göstərir.
Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi
tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü,
eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi
bəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimi
dəyərləndirilməlidir.
İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra da
Prezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davam
edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin
formalaşdıracaq”.
Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr
müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz
Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərə
Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin
rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından
danışıblar.
Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon
Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə
dəstəklənib.