
Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun inkişafı və
iqtisadi dayanıqlılığa dair ortaq öhdəliyə əsaslanan Azərbaycan ilə
güclü tərəfdaşlığını yüksək qiymətləndirir.
Bu barədə Trend-ə
özəl müsahibəsində IFC-nin Avropa departamentinin direktoru İnes
Roça bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını şaxələndirməyə
və neft-qaz sektorundan asılılığını azaltmağa çalışdığı bir vaxtda
özəl sektor dayanıqlı inkişafın təmin edilməsində, iş yerlərinin
yaradılmasında və rəqabət qabiliyyətinin artırılmasında əsas rol
oynayır. Dünya Bankı Qrupunun Azərbaycanla tərəfdaşlıq strategiyası
çərçivəsində IFC daha rəqabətədavamlı, inklüziv və ekoloji cəhətdən
dayanıqlı iqtisadiyyatın yaradılmasına kömək etməyə yönəlib. IFC
infrastruktur, enerjiyə çıxış və davamlılıq kimi prioritet sahələrə
özəl investisiyaları dəstəkləyir. Yaşıl maliyyəyə, qadın
sahibkarlara dəstək, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat və
rəqəmsal infrastruktur sahələrində özəl sektorun iştirakının
artırılmasına xüsusi diqqət yetirilir.
“Yaxın perspektivdə IFC kənd təsərrüfatı, su təhlükəsizliyi və
davamlı tikintiyə üstünlük verir. Kənd təsərrüfatında biz kiçik
fermerlərə dövriyyə kapitalına daxil olmaq və qlobal təchizat
zəncirlərinə inteqrasiya etmək üçün məhsul və anbar qəbzləri kimi
innovativ maliyyə alətlərini təşviq edirik.
Su təsərrüfatı sahəsində biz su qıtlığı problemini həll etməyi,
o cümlədən duzsuzlaşdırma və çirkab suların təmizlənməsi
layihələrinin maliyyələşdirilməsini əhatə edən davamlı su
ehtiyatlarının idarə olunması strategiyalarını dəstəkləməklə
planlaşdırırıq. Tikinti sahəsində isə IFC “yaşıl” inşaatın
inkişafına töhfə verir. Buna misal olaraq IFC tərəfindən
hazırlanmış innovativ yaşıl tikinti sistemi olan EDGE
sertifikatlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əhəmiyyətli
enerji qənaətinə və su sərfiyyatının azaldılmasına nail olmuş
AlatBay logistika mərkəzini göstərmək olar. Biz həmçinin
davamlılığı və əlaqəni yaxşılaşdırmaq üçün nəqliyyat, logistika və
elektrik mobillik imkanlarına baxırıq”, – deyə IFC-nin departament
direktoru bildirib.
Azərbaycanın yaşıl enerjiyə keçidi əsas prioritet olaraq
qalır
Onun sözlərinə görə, Azərbaycanın “yaşıl” enerjiyə keçidi əsas
prioritetdir və IFC ölkədə bərpa olunan enerji sektorunun
inkişafına dəstək verməyə hazırdır. Bu sahədə potensial
əhəmiyyətlidir – günəş enerjisinin texniki potensialı 23 QVt, dəniz
külək enerjisi isə 157 QVt səviyyəsində qiymətləndirilir. Regional
enerji nəqli infrastrukturunun inkişafı Azərbaycana öz
resurslarından istifadə etməyə və yaşıl enerjinin qlobal
ixracatçısı kimi mövqeyini möhkəmləndirməyə kömək edəcək.
“Bərpa olunan enerjiyə keçidin 2060-cı ilə qədər 44 milyard
dollar investisiya tələb edəcəyi təxmin edilir (Dünya Bankının
İqlim və İnkişaf Hesabatına əsasən). Sektor ehtiyaclarını maliyyə
imkanları ilə uyğunlaşdırmaq üçün IFC investisiya və məsləhət
xidmətləri təklif edir. Məsələn, ötən il IFC Azərbaycanın aparıcı
banklarından biri olan Bank Respublika-ya 20 milyon dollar milli
valyutada maliyyə ayırıb. Vəsaitin yarısı KOB-lar və aztəminatlı
ailələr tərəfindən həyata keçirilən layihələrə yönəldilib”, – deyə
o qeyd edib.
Onun sözlərinə görə, Bakıda COP29-un verdiyi töhfəyə
əsaslanaraq, IFC Azərbaycanın bu sahədə planlarını və
prioritetlərini dəstəkləməyə sadiq qalır. Məsələn, ümumi enerji
istehlakının 22,6 faizini təşkil edən nəqliyyat sektoru
dekarbonizasiya üçün mühüm imkanlar təqdim edir. IFC elektrikli
nəqliyyat vasitələri üçün vergi güzəştləri və avtobus parkının
davam edən modernləşdirilməsi kimi hökumət təşəbbüslərini
alqışlayır.
“Hökumət lazımi tənzimləyici, siyasət və institusional
çərçivələri inkişaf etdirdikcə, IFC dəyər zənciri boyunca özəl
sektor həllərinin açılmasına kömək edə bilər və Azərbaycanın
məqsədlərinə uyğun gələn davamlı investisiyaları asanlaşdıra bilər.
Birgə işləməklə, biz ölkənin aşağı karbonlu iqtisadiyyata keçidinə
kömək edə, eyni zamanda iqtisadi artımı stimullaşdıra və
dayanıqlılığı artıra bilərik”, – deyə o bildirib.
Maliyyələşdirmə, rəqəmsallaşma və dövlət-özəl
tərəfdaşlığı vasitəsi ilə davamlı artım
“IFC kiçik və orta müəssisələrin (KOB) maliyyəyə çıxışının
yaxşılaşdırılmasına böyük əhəmiyyət verir, onların iqtisadiyyatdakı
mühüm rolunu dərk edir. Biz kiçik biznesi maliyyələşdirmək üçün
Bank Respublika kimi yerli banklarla əməkdaşlıq edirik. Gələcəkdə
biz bu sahəni mövcud və yeni tərəfdaşlarla genişləndirməyi
planlaşdırırıq.
İnvestisiyalardan əlavə, IFC davamlı maliyyə və korporativ
idarəetmə təcrübələrinin inkişafına yönəlmiş məsləhət xidmətləri
göstərir. Biz həmçinin daşınar aktivlərin (inventar, avadanlıq və
s.) girov kimi istifadəsinə imkan verən aktivlərə əsaslanan
maliyyələşdirməni təşviq edirik. Azərbaycan Banklar Assosiasiyası
ilə birlikdə biz KOB-ların maliyyəyə çıxışını genişləndirəcək milli
aktivlə təminatlı kreditləşdirmə aləti işləyib hazırlayırıq”, –
deyə o bildirib.
Departament direktoru qeyd edib ki, IFC Azərbaycanın rəqəmsal
bankçılığın inkişafı və maliyyə xidmətlərinin genişləndirilməsi,
xüsusən də kənd və ucqar ərazilər üçün səylərini dəstəkləyir.
Beynəlxalq Maliyyə Korporasiyası Mərkəzi Bank tərəfindən nəzarət
edilən mühitdə innovativ rəqəmsal məhsulların sınaqdan
keçirilməsinə imkan verəcək tənzimləyici “qum qutusu”nun işə
salınmasını alqışlayır.
O bildirib ki, özəl sektor səviyyəsində IFC qabaqcıl
texnologiyalar və təcrübələri tətbiq etməklə bankların rəqəmsal
transformasiyası üçün məsləhətlər verir. Bu, sektorun
modernləşdirilməsinə töhfə verir və rəqəmsal iqtisadiyyatda
əhalinin və biznesin maliyyə alətlərinə çıxışını genişləndirir.
“Azərbaycanın Orta Dəhlizdə strateji yerləşməsini nəzərə alaraq,
yük dövriyyəsini artırmaq üçün Bakı Dəniz Limanının
genişləndirilməsi planları regional ticarətin gücləndirilməsi üçün
mühüm imkanlar yaradır.
Özəl sektorun cəlb edilməsi bu cür layihələrin səmərəliliyini və
davamlılığını əhəmiyyətli dərəcədə artıra bilər. Aydın dövlət-özəl
tərəfdaşlıq modelləri hökumət nəzarəti və özəl təşəbbüs arasında
balans təmin etməklə belə iştiraka kömək edir. IFC Azərbaycan
limanlarının milli prioritetlərə uyğun inkişafına kömək edəcək
dövlət-özəl tərədaşlıq layihələri üçün investisiya və məsləhət
dəstəyinin göstərilməsi sahəsində geniş beynəlxalq təcrübəyə
malikdir”, – deyə o qeyd edib.
IFC Azərbaycanda dəmir yol modernləşdirilməsini və
logistikasını dəstəkləyir
İ.Roçanın sözlərinə görə, IFC Cənubi Qafqazdan keçən Avropa və
Asiya arasında əsas marşrut olan Orta Dəhlizdə Azərbaycanın
strateji əhəmiyyətini tanıyır. Artan yükdaşımaları kontekstində
Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə
səyləri böyük əhəmiyyət kəsb edir.
“Biz bu prosesləri dəstəkləməyə, xüsusən də daşımaların
etibarlılığını və səmərəliliyini artıracaq yükdaşıyıcıların hərəkət
heyətinin yenilənməsinə sərmayə qoymağa hazırıq. Bu, Azərbaycana
regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməyə və
dayanıqlı infrastrukturun inkişafını sürətləndirməyə kömək
edəcək.
Biz Azərbaycanın Orta Dəhliz boyunca logistika qovşaqlarının,
multimodal terminalların və rəqəmsal həllərin inkişaf etdirilməsi
səylərində böyük potensial görürük. Bu layihələr regional nəqliyyat
və logistika qovşağı kimi ölkənin səmərəliliyini və rəqabət
qabiliyyətini artırmaq üçün çox vacibdir. IFC davamlı və müasir
logistika infrastrukturunu uğurla həyata keçirmək üçün özəl sektor
investisiyalarını və təcrübələrini səfərbər etməklə bu cür
təşəbbüsləri dəstəkləməyə hazırdır”, – deyə departament direktoru
bildirib.

