AQEM baş katibi qlobal proseslərin formalaşmasında Asiyanın oynadığı roldan danışıb

Baş səhifə

Bakı. Trend:

Asiya qlobal proseslərin formalaşmasında mərkəzi rol oynamağa
başlayır.

Trend xəbər verir
ki, bu barədə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri
üzrə müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay AQEM Analitik
Mərkəzlər Forumunun on üçüncü iclasında deyib. İclas “İnkişaf və
təhlükəsizlik rezonansı: regional əməkdaşlıq və idarəetmə AQEM-in
institusional transformasiyası kontekstində” mövzusuna həsr
olunub.

“Asiya qlobal proseslərin formalaşmasında açar rol oynamağa
başladığı bir vaxtda bu iclasın məhz Bakıda keçirilməsi xüsusi önəm
kəsb edir. Regionumuzun elm, iqtisadiyyat, texnologiya, idarəçilik
və diplomatiya sahələrində artan təsiri yalnız yeni imkanlar
gətirmir, eyni zamanda, ölçülüb-biçilmiş və birgə qərarlar tələb
edən ciddi öhdəliklər də yaradır”, – deyə o bildirib.

Baş katibin sözlərinə görə, bu gün qlobal geosiyasi mənzərədə
genişmiqyaslı dəyişikliklər baş verir. Bu proseslər beynəlxalq
münasibətlər arxitekturasının yenidən qurulması və dövlətlərin
artan qarşılıqlı asılılığından irəli gələn yeni çağırışlarla
bağlıdır. Bu mürəkkəb şəraitdə AQEM-in xüsusi dəyəri onun dialoq
üçün mühüm platforma rolunda çıxış etməsindədir.