
Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda
“İstilik təchizatı sektorunun karbonsuzlaşdırılması və bərpaolunan
mənbələrdən istilik enerjisinin inteqrasiyasına dəstək” adlı
texniki yardım layihəsinin icrasına başlanılıb.
Trend bu barədə
Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, AİB-nin Təmiz Enerji Fondu və Texniki Yardım
Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin dəyəri 1,1
milyon ABŞ dolları təşkil edir.
Layihənin əsas məqsədi istilik təchizatı sahəsində Milli
Strategiyanın və “İstilik təchizatı haqqında” Qanunun icrasından
irəli gələn normativ hüquqi sənədlərin layihələrinin hazırlanması,
istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə sistemlərinin
enerji səmərəliliyinin artırılması, tarif siyasətinin
optimallaşdırılması, pilot layihə vasitəsilə bərpa olunan
mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi,
“Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasının
hazırlanmasını əhatə edir.
Texniki yardım layihəsinin icrası məqsədilə məsləhətçinin cəlb
edilməsi üçün AİB tərəfindən aparılmış seçim prosesi avqust ayında
yekunlaşıb və “NİRAS” (Danimarka), “Integration Environment &
Energy GMBH” (Almaniya) və “ENERGAZER” MMC (Azərbaycan)
şirkətlərindən ibarət birgə müəssisə məsləhətçi kimi seçilib.
Layihə çərçivəsində nəzərdə tutulan xidmətlərin 2027-ci ilin mart
ayınadək tamamlanacağı planlaşdırılır.
Qeyd edək ki, layihənin icrası müddətində müvafiq texniki və
təşkilatı dəstəyin göstərilməsi Energetika Nazirliyi və
“Azəristiliktəchizat” ASC tərəfindən həyata keçiriləcək.

