
Bakı. Trend:
Prezident İlham Əliyev qələbədən sonra Cənubi Qafqaz regionunda
uzunmüddətli sülhün bərqərar olunması kursunu müəyyənləşdirdi və
açıq-aydın göstərdi ki, davamlı sülh yalnız beynəlxalq hüquq
normaları, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması
əsasında mümkündür.
Trend xəbər
verir ki, Milli Məclisin deputatı Kamran Bayramov parlamentin
növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton
razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin
təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, lakin növbəti beş ildə Azərbaycan yeni
geosiyasi reallıqla barışmaq istəməyən bəzi dövlətlərin və
qüvvələrin açıq qərəzli münasibəti ilə üzləşdi:
“Rəsmi Bakının müxtəlif danışıqlar formatlarına və çoxsaylı
vasitəçilərin iştirakına razılıq verməsinə baxmayaraq, faktiki
olaraq heç bir nəticə əldə olunmadı. Brüssel, Kazan, Praqa və digər
yerlərdə keçirilən görüşlər də, demək olar ki, nəticəsiz qaldı. Və
yalnız Prezident İlham Əliyevin təşəbbüsü ilə danışıqların
ikitərəfli formata keçidindən sonra sülh prosesində irəliləyiş
göründü. Əbu-Dabidəki görüş də buna sübut oldu”.
Millət vəkili vurğulayıb ki, bu il avqustun 8-də Vaşinqtonda
Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi tarixə düşmüş hadisə baş
verdi:
“Vaşinqton razılaşmaları yekun sülh müqaviləsinin imzalanmasına,
regionumuzun hərtərəfli inkişafına yol açdı. Azərbaycan üçün bu,
qələbənin nəticələrinin təsdiqlənməsi, yeni nəqliyyat yollarının
açılması, sərmayə axını və artıq iqtisadi yüksəliş mərkəzinə
çevrilən işğaldan azad edilmiş ərazilərin daha da inkişaf
etdirilməsi deməkdir. Ermənistan isə uzunsürən təcriddən çıxmaq,
beynəlxalq sərmayələri cəlb etmək, hərbi xərcləri azaltmaq,
resursları iqtisadiyyatın və sosial sahənin inkişafına yönəltmək
imkanını qazandı.
Prezident İlham Əliyev üçün bu taleyüklü sənədlərin Vaşinqtonda
imzalanması sadəcə diplomatik qələbə deyil, onun ən çətin
danışıqları aparmaq, minimal güzəştlərlə ölkə üçün maksimum fayda
əldə etmək, bir neçə aparıcı qlobal güc mərkəzi ilə eyni vaxtda
işgüzar əlaqələr qurmaq bacarığının təsdiqi idi. Bir tərəfdən,
Prezident İlham Əliyev regional infrastruktur və təhlükəsizlik
məsələlərində rəsmi Vaşinqtonun dəstəyini alaraq Amerika Birləşmiş
Ştatları ilə strateji tərəfdaşlığı gücləndirdi, digər tərəfdən,
bunu regional oyunçularla münasibətləri pozmadan bacardı, halbuki,
Vaşinqton razılaşmaları Cənubi Qafqazda həmin qüvvələrin regiona
təsirini əhəmiyyətli dərəcədə azaltdı”.