
Bakı. Trend:
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirəyə (AQEM) sədrliyi forumun gələcəyinin formalaşmasına
mühüm töhfə verəcək.
Trend xəbər verir
ki, bunu AQEM baş katibi Kayrat Sarıbay “İnkişaf və təhlükəsizliyin
rezonansı: AQEM-in institusional transformasiyasında regional
əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin
Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə
verdiyi açıqlamada bildirib.
“Qarşılıqlı etibar olmadan təhlükəsizliyi təmin etmək mümkün
deyil. AQEM-in əsas missiyası da məhz üzv dövlətlər arasında
etimadı möhkəmləndirmək, onu etimad tədbirləri, praktiki addımlar
və yerli səviyyədə həyata keçirilən təşəbbüslər vasitəsilə inkişaf
etdirməkdən ibarətdir. Bu prosesdə gənclərin, qadınların və biznes
təmsilçilərinin iştirakı xüsusi əhəmiyyət daşıyır”, – deyə o
bildirib.
Bununla yanaşı, səmərəli institusional baza da zəruridir. Məhz
buna görə AQEM tamhüquqlu beynəlxalq təşkilata çevrilmək üçün
transformasiya prosesindən keçir. Əminəm ki, Azərbaycanın sədrlik
fəaliyyəti AQEM-in gələcəyinə mühüm töhfə verəcək”, – deyə o
bildirib.
Sarıbay qeyd edib ki, AQEM Asiyanın vahid hərtərəfli
təhlükəsizlik təşkilatıdır və o, beş qarşılıqlı fəaliyyət
istiqamətini əhatə edir: hərbi-siyasi ölçü, yeni çağırışlar və
təhdidlər ölçüsü, iqtisadi, ekoloji və humanitar ölçülər.