
Bakı. Trend:
Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün
böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıq ilə yanaşı,
Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil
olduğu regional bağlantılar və süni intelekt və rəqəmsal
infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də
inkişaf etdiriləcək.
Trend xəbər
verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin
növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton
razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin
təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, enerji sahəsində əməkdaşlıq ABŞ
mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini
daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql
edən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerji
təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir:
“ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox
texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu
Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin
reallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycan
strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə
gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir”.
Millət vəkili xatırladıb ki, Böyük Zəfərdən keçən müddətdə
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait
ayrılıb.
“Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə
resurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin
dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın
vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin
ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq.
Azərbaycan 134 milyard dollarlıq ÜDM-ə malik olan Cənubi Qafqaz
iqtisadiyyatını 60 faizə yaxınını formalaşdırır. Prezident İlham
Əliyevin rəhbərliyi ölkəmizin iqtisadi gücü daha artmaqdadır.
Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, xarici valyuta
ehtiyatları ÜDM-nin həcmini üstələyir. Bu Azərbaycan üçün iqtisadi
təhlükəsizlik yastığının formalaşdığından xəbər verir. 78 milyard
dollarlıq xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə
üstəliyir. Bu məhz Azərbaycanın əldə etdiyi iqtisadi uğurların
təzahürüdür”, – deyə V.Bayramov qeyd edib.