Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə?

Baş səhifə

Bakı. Trend:

2025-ci il sentyabrın 8-də Rusiyanın XİN başçısı Sergey Lavrovun
MGİMO tələbələri qarşısındakı çıxışı diplomatik dilin geosiyasi
dəyişikliklərdən doğan dərin narazılığı ifadə etmək üçün necə
istifadə oluna biləcəyinin bariz nümunəsinə çevrildi. O,
Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton
razılaşmalarını tənqid edərək formal şəkildə tərəflərin müstəqil
şəkildə saziş imzalamaq hüququnu tanıdı, amma faktiki olaraq bu
sənədlərin yaşarlılığını və əhəmiyyətini şübhə altına aldı. Belə
mövqe emosional qiymətləndirmələrdən və qərəzdən azad, obyektiv
təhlil tələb edir.

Azərbaycanla Ermənistan arasında sülh prosesi mürəkkəb tarixə
malikdir.

Avqustun 8-də imzalanmış saziş 2020–2022-ci illərdə Rusiya,
Ermənistan və Azərbaycan prezidentləri arasında əldə olunmuş
razılaşmaların məntiqi davamı idi. Fəqət sonrakı hadisələr göstərdi
ki, Moskva bu prosesi sonadək aparmaq istəmədi, yaxud apara
bilmədi.

Rusiya ilə ABŞ yanaşmaları arasındakı əsas fərq suverenlik
məsələsinə münasibətdə üzə çıxdı. Rusiya Cənubi Qafqazı hər zaman
özünün xüsusi maraqlar zonası kimi qəbul edirdisə, ABŞ
bərabərhüquqlu tərəfdaşlıq xəttini seçdi. Vaşinqton razılaşmaları
yalnız təhlükəsizlik məsələlərini deyil, həm də iqtisadi
əməkdaşlığı nəzərdə tutur. Xüsusilə də “Beynəlxalq sülh və rifah
naminə Tramp marşrutu” (TRIPP) layihəsi Azərbaycanı Naxçıvan Muxtar
Respublikası ilə Ermənistan ərazisi vasitəsilə birləşdirəcək.

Skeptisizmin anatomiyası əslində Moskvanın regiondakı
davranışlarını anlamaq üçün açar rolunu oynayır. Rusiya XİN rəhbəri
Sergey Lavrovun “uyğunlaşdırılmamış bəndlər” barədə açıqlaması ilk
baxışda texniki çətinlik kimi görünə bilər, amma faktiki olaraq bu,
diplomatik ritorika vasitəsilə daha dərin siyasi motivlərin üstünü
örtmək cəhdidir.

Əgər Vaşinqton bəyannaməsinin açıq mənbələrdə dərc olunmuş mətni
diqqətlə oxunarsa, sənədin məhz yüksək peşəkarlıqla hazırlanmış
olduğu görünür. Orada beynəlxalq hüquq normalarına uyğun olaraq
əsas prinsiplər sadalanır: tərəflərin qarşılıqlı ərazi
iddialarından imtinası, kommunikasiya xətlərinin açılması,
beynəlxalq nəzarət mexanizmlərinin tətbiqi və nəhayət, ATƏT-in
Minsk qrupunun hüquqi olaraq bağlanması. Bütün bunlar göstərir ki,
“uyğunlaşdırılmamışlıq” arqumenti daha çox ritorik xarakter daşıyır
və Moskvanın regiondakı vasitəçi rolunu itirməsinin pərdələnməsi
məqsədinə xidmət edir.

Moskva üçün əsas problem geosiyasi inhisarın dağılmasıdır.
İllərlə Cənubi Qafqazda “əsas moderator” statusunda çıxış edən
Rusiya indi Qərbin, xüsusən də ABŞ-ın təşəbbüsləri fonunda ikinci
plana keçmək təhlükəsi ilə üz-üzədir. Vaşinqton bəyannaməsi yalnız
diplomatik çərçivə deyil, həm də iqtisadi maraqların yenidən
bölüşdürülməsini ehtiva edir. Məsələn, TRIPP layihəsi həyata
keçdikdə, ənənəvi olaraq Rusiyanın nəzarətində olan nəqliyyat
marşrutlarına ciddi alternativ formalaşacaq. Bu, təkcə tranzit
gəlirlərinə zərbə vurmayacaq, həm də Moskvanın Cənubi Qafqaz
üzərindəki iqtisadi təsir mexanizmini zəiflədəcək.

Ermənistan konteksti isə bu prosesdə ayrıca diqqət tələb edir.
Burada sülhün qəbul edilməsi və ya rədd olunması birbaşa ictimai
rəyin dəyişməsindən asılıdır.

“GALLUP International Association”n Ermənistan üzrə ofisinin
keçirdiyi sorğuların nəticələri maraqlıdır: əgər 2024-cü ildə
əhalinin 80,3 faizi Azərbaycanın tələbi ilə Konstitusiyaya
dəyişiklik edilməsinin əleyhinə idisə, bu göstərici 2025-ci ildə 58
faizə enib. Bu, yalnız statistika deyil, həm də cəmiyyətin real
transformasiyasını göstərir.

Baş nazir Nikol Paşinyan ictimai şüuru dəyişmək üçün ardıcıl
addımlar atır və illərlə kök salmış “Qarabağ Ermənistana məxsusdur”
mifini dağıtmağa çalışır. Bu, həm Ermənistan daxilində, həm də onun
xarici dayaqları üçün ciddi sınaqdır.

Ermənistanın siyasi elitası isə parçalanmış vəziyyətdədir.
Keçmiş prezidentlər Serj Sarqsyan və Robert Köçaryan, eləcə də
sabiq XİN rəhbəri Vardan Oskanyan revanşist ritorikadan istifadə
edərək Paşinyanı tənqid edirlər. Moskva da məhz bu daxili
parçalanmadan yararlanmağa çalışır. Çünki “Qarabağ klanı” ilə
ənənəvi yaxınlıq Rusiyaya həm ideoloji, həm də siyasi dayaq rolunu
oynayıb. İndi bu klanın zəifləməsi Moskvanın Ermənistandakı
təsirini sarsıdır və nəticədə Kreml Vaşinqtonun təşəbbüslərinə
qarşı daha aqressiv ritorika ilə çıxış edir.

Deməli, Lavrovun “uyğunlaşdırılmamış bəndlər” iddiası sadəcə
diplomatik manipulyasiyadır. Əslində Moskvanı narahat edən amillər
çoxşaxəlidir: geosiyasi monopoliyanın itirilməsi, iqtisadi
marşrutların dəyişməsi, Ermənistandakı müttəfiq elitanın zəifləməsi
və ən başlıcası, Cənubi Qafqazın Rusiya üçün “idarə olunan böhran
zonası” statusundan çıxaraq Qərbin təsirinə daxil olması. Bu
səbəbdən skeptisizm yalnız bəyanatlarda deyil, həm də Moskvanın
bütün strateji davranışında özünü göstərir.

Erməni diasporunun rolu və informasiya müharibəsi mövzusunda
mənzərə bir neçə paralel xətt üzrə formalaşır: pul, lobbi, media və
küçə aksiyası.

Qərbdə kök atmış erməni diasporu Vaşinqton xəttini gözdən salmaq
üçün bu dörd aləti sistemli şəkildə birləşdirir: Konqresdə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bərpası və onun üzərindən
təzyiq mexanizmləri, Paris və Brüsseldə sanksiya çağırışlarını
qızışdıran qərar layihələri, analitik institutlar və mass-media
vasitəsilə narrativin çərçivələnməsi, bəzən də səfirlik və icma
mərkəzlərini hədəfləyən sərt aksiyalar. Bu, Cənubi Qafqaz
gündəminin Qərb platformalarında emosional–ideoloji paketdə
satılmasına hesablanmış klassik informasiya–psixoloji
əməliyyatdır.

Erməni diaspor şəbəkələri radikal əhval-ruhiyyəni qızışdırır,
lakin münaqişə riski doğuran xəttin real nəticələrinə özləri cavab
vermirlər; məqsəd siyasi qiyməti mümkün qədər Bakının üzərində
saxlamaqdır. Bu mühitdə məlumatın dili fakt deyil, təzyiqdir.

ABŞ xəttində əsas təzyiq vektoru ANCA və ona bağlı
təşəbbüslərdir: Konqresdə Azərbaycana hərbi-siyasi yardımın
məhdudlaşdırılması, 907-ci düzəlişin ləğvinə mane olmaq üçün
mexanizmlərinişə salınması çoxsaylı məktublar və aktlar dövriyyəyə
buraxılıb. Məsələn, “Armenian Protection Act” layihəsi təqdim
olundu, eyni xətt boyunca Barbara Lee və həmfikirləri
administrasiyanı yardımı dayandırmağa çağırdılar; ANCA 2024–2025-ci
illərdə sanksiya və 907-nin tam tətbiqi kampaniyalarını ardıcıl
şəkildə genişləndirdi. Lakin 2025-ci il avqustun 15-də Federal
Reyestrdə dərc edilmiş Prezident memorandumu 907 üzrə güzəştin
uzadıldığını göstərdi – bu isə diaspor təzyiqinin ABŞ icra
hakimiyyətinin real siyasətini hər dəfə müəyyən etmədiyini
faktoloji göstərir.

Avropada ermənilərin əsas meydanı Fransadır. 2024-cü il yanvarın
17-də Fransa Senatı 336–1 səslə məhz Bakıya qarşı sanksiya
çağırışları daxil olan sərt qətnamə qəbul etdi; bu sənəd rəsmi
Légifrance və Senatın səsvermə protokolunda təsbit olunub. Eyni
xətt 2025-ci ildə Milli Assambleyada da davam etdi: İrəvanla
həmrəylik, “ingiransiya” arqumenti və Baku Initiative Group-la
bağlı siyasi diskurs Parisin daxili gündəminə daşındı. Bu aktivizm
fonunda küçə səviyyəli sərt aksiyalar da müşahidə olundu – Parisdə
Azərbaycan səfirliyinə hücumlar barədə Fransa tərəfindən nota alan
xəbərlər yayıldı. Bu blok parçaları diasporanın Fransada
media–parlament–küçə üçbucağını necə işlətməsini açıq göstərir.

Brüsseldə xətt Avropa Parlamenti vasitəsilə qurulur: 2023–2024
qətnamələri çərçivəsində Bakının insan haqları üzrə sərt tənqidi,
sanksiya çağırışları və “etnik təmizləmə” ritorikası geniş
leksikona çevrildi. 2024-cü ilin oktyabrında qəbul edilən mətnlər,
eləcə də 2025-ci ilin yaz-yay aylarında səsləndirilən çağırışlar
kampaniya məntiqinin Avropa siyasi gündəminə sistemli daşınmasını
təsdiqləyir. Bu, diaspor təsirinin “normativ Avropa” diskursuna
bağlanmasıdır: hüquqi–etik söz bazası üzərindən informasiya
məkanında Bakıya qarşı reputasion üstünlük qazanmaq.

Narrativin çərçivələnməsi təkcə lobbi və qətnamələr vasitəsilə
getmir; Fransadakı institutlar və analitik platformalar da diskursu
formalaşdırır. 2024–2025-ci illərdə dərc olunan çoxsaylı
materiallarda “Azərbaycanın Fransaya qarşı informasiya müharibəsi”
kimi başlıqlar dolaşdı; bu mətnlərdə Paris–İrəvan yaxınlaşması
legitimləşdirilir, Bakı isə reputasion geriləməyə çəkilir. Bu xətt
diaspor şəbəkələri üçün “ikinci cəbhə”dir: siyasəti məhz medianın
dilində təsvir edib qərarvericilərə normativ təzyiq yaratmaq. Eyni
zamanda, Fransa tərəfindən İrəvana silah satışı ilə bağlı rəsmi
açıqlamalar və bunun Bakı–Paris xəttində gərginliyə səbəb olması
informasiya müharibəsinin arxa fonunu təşkil etdi.

Bütün bunların fonunda strateji reallıq nədir?

Birincisi, ATƏT-in Minsk Qrupunun ləğvi qərarı: 2025-ci il
sentyabrın 1-də qəbul edilən qərarla Qrup və əlaqədar strukturların
ləğvi 1 dekabr 2025-dən gec olmayaraq tamamlanmalıdır. Bu, Qərbdəki
diaspor mərkəzlərinin illərlə yapışdığı “köhnə formatın” tarixi
bağlanışıdır. Maraqlıdır ki, məhz diasporun aparıcı qurumları bu
qərarı qınadılar, amma qərar dəyişmədi – yəni, lobbi səsi böyük
olsa da, institusional qərarları hər zaman diktə edə bilmir.

İkincisi, Vaşinqton xəttinin gedişi. 2025-ci il avqustun 8-də
ABŞ prezidenti Trampın vasitəçiliyi ilə keçirilən görüşün
nəticələri – sülh mətninin paraflanması və liderlərin birgə
bəyanatı – Avropa Parlamentində və Brüssel platformalarında
alqışlandı. Eyni zamanda, ANCA və ona bağlı media şəbəkələri həmin
çərçivəni dərhal tənqid etdi: “artsaxın (Qarabağın) geri dönüşü,
əsirlərin dərhal azad edilməsi, təhlükəsizlik zəmanətləri” kimi
şərtlər irəli sürüldü. Bu faktiki olaraq diasporanın Vaşinqton
sazişlərini gözdən salma kampaniyasının açıq fazası idi. Lakin
rəsmi instansiyaların – ABŞ və Aİ-nin – siyasi xətti dəyişməməsi
yenə də təsir limitini göstərdi.

Üçüncüsü, küçə və şəbəkə səviyyəsində informasiya əməliyyatları:
sosial mediada koordinasiyalı gündəmqurma, “hüquq–mədəni irs”
çətirində emosional leksikon, eyni zamanda səfirliklərə, icma
məkanlarına yönələn sərt aksiyalarla görüntü yaratmaq. Bu taktika
qısa müddətdə səs-küy yaradır, lakin uzunmüddətli institusional
nəticə nadir hallarda verir; Fransa Senatı kimi siyasi
strukturların qətnamələri olsa da, ATƏT formatının bağlanması və
Vaşinqton xəttinin irəliləməsi kimi strateji hadisələr bu səs-küyün
üstündən keçir.

Nəhayət, informasiya müharibəsində balanslı cavab. Azərbaycanın
üstünlüyü odur ki, faktiki vəziyyət Bakının tərəfindədir: ərazi
bütövlüyü bərpa olunub, sərhədin demarkasiyası üzrə addımlar davam
edir, Qərb platformalarında sülh mətni üzərində real işləmə gedir.
Bu reallığı qorumağın yolu emosional ritorika ilə yox, diaqnostik
kommunikasiya, hüquqi–siyasi arqumentasiya və çevik
diplomatiyadır.

Bunun üçün diasporada informasiya mərkəzlərinin
peşəkarlaşdırılması, Qərb mediasında dayanıqlı ekspert şəbəkəsinin
qurulması, faktqraundlu materialların (mənbəli, sənədləşdirilmiş)
ingilis və fransız dillərində ardıcıl istehsalı vacibdir. Eyni
zamanda, ABŞ xəttində 907 üzrə hüquqi–texniki mübahisələri
faktoloji əsaslandırma ilə izləmək, Aİ platformalarında isə
Brüsselin sülh gündəminə dəstək verən rəqəmsal diplomatiyanı
sistemli etmək gərəkdir.

Diasporanın yüksək səsli kampaniyaları institusional qərarları
hər dəfə müəyyən etmir; həlledici olan fakt, hüquq və diplomatik
mexanizmlərin ardıcıllığıdır.

Vaşinqtonda 8 avqust 2025-ci ildə imzalanmış Bəyannamə Cənubi
Qafqazda qüvvələr balansını faktiki olaraq yenidən kurguladı. ABŞ
prezidenti Trampın himayəsi ilə Azərbaycan və Ermənistan arasında
sülh sazişinin mətni paraflandı, ATƏT-in Minsk Qrupunun ləğvi üçün
birgə müraciət edildi və ən əsası, Naxçıvanla Azərbaycanın əsas
hissəsini Ermənistan ərazisi üzərindən birləşdirəcək TRIPP (Trump
Route for International Peace and Prosperity) layihəsi üzrə çərçivə
razılaşdırıldı. Bəyannamədə açıq şəkildə bildirildi ki, bu əlaqə
Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında təmin olunacaq;
Ermənistan ABŞ və seçilmiş tərəfdaşlarla TRIPP-in çərçivəsini
hazırlayacaq. Bu fakt Qərbin bölgəyə uzunmüddətli strateji
öhdəliyini təsdiqlədi və Rusiya üçün simvolik məğlubiyyətdən daha
artıqdı. Moskva artıq vasitəçi mövqeyini itirir, ABŞ isə bölgənin
oyun qaydalarını yazan əsas gücə çevrilir.

Lavrovun skeptik bəyanatları da əslində sənədin məzmunundan çox
bu geosiyasi dəyişikliklərdən qaynaqlanır. O, Vaşinqton prosesinə
“şübhəli PR” damğası vurmağa çalışsa da, əsl narahatlıq
2020–2022-ci illərdə Rusiya vasitəçiliyi ilə qurulmuş parametrlərin
indi ABŞ platformasında reallığa çevrilməsidir. Kreml uduzan “bir
saziş” deyil, postsovet məkanında uzun illər dayaq olmuş
münaqişələr üzərindən təsir mexanizmidir. 2024-cü ilin aprelində
sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması və
Ağdamdakı Türkiyə-Rusiya monitorinq mərkəzinin bağlanması,
Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
(KTMT) fəaliyyətini dondurması bu tendensiyanı aydın göstərir.
Rusiya faktiki olaraq özünün əsas alətlərindən məhrum olur.

Vaşinqton razılaşmalarının strateji məğzi bir neçə əsas sütuna
dayanır. Birincisi, sülhün hüquqi bazası yaradılır: tərəflər
suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıyır, Minsk
mexanizminin bağlanmasına çağırış edilir. Bu, sonsuz vasitəçilik
dövrünü arxada qoyur. İkincisi, TRIPP layihəsi Ermənistan qanunları
çərçivəsində, ABŞ-ın uzunmüddətli idarəetmə hüquqları ilə həyata
keçiriləcək və təkcə yol və dəmir yolu deyil, enerji və fiber-optik
xətlərin də inteqrasiyasını nəzərdə tutur. Bu, Zəngəzur üzərindən
Türkiyə–Azərbaycan–Mərkəzi Asiya qovşağını birləşdirəcək. Üçüncüsü,
layihə Orta Dəhlizlə sinxronlaşaraq Qərbin bölgədəki logistik
üstünlüyünü gücləndirəcək və Rusiya-İran təsirini zəiflədəcək.

Ermənistanın daxili siyasi vəziyyəti isə prosesin ən zəif
həlqəsi olaraq qalır. Tavuş–Qazax sahəsində dörd kəndin Azərbaycana
qaytarılması və 6,5 km² ərazinin bərpası etimad üçün mühüm addım
idi, amma İrəvanda etirazları artırdı. Ermənistan cəmiyyəti
konstitusiya düzəlişləri, referendum və seçkilər ərəfəsində
parçalanır. Moskva isə revanşist qüvvələrə arxa durmaqla bu
zəifliyi dərinləşdirməyə çalışır.

Azərbaycan isə ardıcıl və praqmatik xətt tutur. 2023-cü ilin
antiterror əməliyyatından sonra sərhədin mərhələli delimitasiyası
ilə praktiki etimad addımları atıldı, sülhməramlıların çıxarılması
ilə isə bölgədəki təhlükəsizlik boşluğu yaranmadı, əksinə,
məsuliyyət bilavasitə region ölkələrinin üzərinə keçdi. Bakı hərbi
qələbəni diplomatik və institusional çərçivəyə çevirərək
üstünlüyünü möhkəmləndirdi.

İqtisadi və logistik tərəfdən TRIPP artıq mövcud yüksəliş
xəttinə qoşulur. 2024-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi
4,1 milyon tona çatdı, Bakı–Tbilisi–Qars xəttinin gücü isə beş dəfə
artırıldı. Bu, TRIPP-in kağız üzərində qalmayacağını, əksinə mövcud
artım trayektoriyasını sürətləndirəcəyini göstərir. Enerji
sahəsində də potensial böyükdür: BTC-nin ötürmə gücü və Qazaxıstan
neftinin Bakı marşrutu ilə artırılması planları Qafqazı daha da
mühüm tranzit qovşağına çevirir.

Risklər də mövcuddur. Ermənistanın daxili müqaviməti referenduma
və ratifikasiyaya mane ola bilər. Rusiya və İran informasiya
müharibəsi və sərhəd insidentləri ilə sabotaj cəhdlərinə əl ata
bilər. TRIPP-in idarəetmə və gömrük protokolları aydın
tənzimlənməsə, layihə icra problemləri ilə üzləşə bilər. Buna görə
Azərbaycanın əsas vəzifələri TRIPP-in təhlükəsiz və səmərəli
icrasına nəzarət, erməni cəmiyyətində konstruktiv qüvvələri
stimullaşdırmaq, revanşizm və təxribatların qarşısını almaq və
regional təhlükəsizlik arxitekturasını ardıcıl qurmaqdır.

Moskvanın skeptisizmi başadüşüləndir, amma artıq tarixi
proseslər geri dönməzdir. Sülhün hüquqi bazası formalaşıb, tranzit
coğrafiyası Qərb kapitalı ilə yenilənir, Rusiya isə vasitəçi rolunu
itirir. Azərbaycan isə hərbi qələbəni diplomatik uğura çevirməklə
Cənubi Qafqazda həlledici aktora çevrilib. İndi əsas məsələ bu
kursu texniki dəqiqliklə icra etmək və yeni regional arxitekturanı
ardıcıl inşa etməkdir. Cənubi Qafqaz dəyişir və bu dəyişikliklərin
mərkəzində Azərbaycan dayanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir