Baş prokuror Sinqapurda işgüzar səfərdədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin
rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq
Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi
yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib.

Trend xəbər
verir ki, “Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin
idarə edilməsi” mövzusuna həsr olunmuş konfrans çərçivəsində
hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən
süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının
kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların
cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə
təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər
müzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik
yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapur
Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru
Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti
Xuan Batista Mahikes çıxış edərək qonaqları salamlayıblar.

Tədbirin açılışında çıxış edən rəsmi şəxslər konfransın
cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq
əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib,
onun məhsuldar nəticələr verəcəyinə inamlarını ifadə ediblər.

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının
rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində
keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu
tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox
sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi
xüsusi vurğulanıb.

Səfərin zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş
prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev
həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar
nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində
görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə
Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində
maraqlı olduqlarını bildirib.




Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək
əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr
hazırlığı məsələləri müzakirə olunub.

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir
edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü
bildirib və konfransın işinə uğurlar arzulayıb.

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev
Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya,
Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları,
habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini ilə
ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran
məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi
yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir
mübadiləsi aparılıb.

Səfər çərçivəsində növbəti günlərdə digər ölkələrin prokurorluq
orqanlarının rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq
imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir