Eyfel qülləsinə 72 alim qadının adı yazılacaq

Baş səhifə

Bakı. Trend:

Eyfel qülləsinin birinci mərtəbəsinə yaxın iki il ərzində 72
alim qadının adı qızıl hərflərlə həkk olunacaq. Bu təşəbbüs Paris
bələdiyyəsi, Eyfel Qülləsinin İstismarı Cəmiyyəti (SETE) və
“Qadınlar və Elm” (Femmes & Sciences) assosiasiyasının birgə
təşəbbüsü ilə həyata keçirilir.

Trend xəbər
verir ki, layihənin məqsədi qadın alimlərin tarixdə görünməz
qalmasına qarşı mübarizə aparmaq və onların elmdə tutduqları yerə
layiq şəkildə tanıdılmasıdır.

1889-cu ildə inşa edilən Eyfel qülləsinin fasadına Gustave
Eiffelin təşəbbüsü ilə 72 fransız alim və mühəndis kişinin adı həkk
olunmuşdu. Bunların arasında bir dənə də qadın adı yoxdur. İndi isə
bu balanssızlığı düzəltmək üçün ilk dəfə olaraq 72 alim qadının adı
həmin yerə əlavə ediləcək. “Bu qərar qadınların görünməzliyinə
qarşı simvolik və tarixi bir cavabdır. Onlara layiq olduqları yeri
geri vermək istəyirik,” – deyə Paris bələdiyyəsi açıqlayıb.




Qadın alimlərin adlarını seçən komissiya artıq işini
yekunlaşdırıb. Seçilmiş alimlər 1789-cu ildən günümüzə qədər
yaşamış və artıq vəfat etmiş, elm, texnologiya, mühəndislik və
riyaziyyat sahələrində ixtisaslaşmış, elmi nailiyyətləri həmkarları
tərəfindən əsaslı və həlledici kimi tanınmış qadınlardan ibarət
olacaq. Alimlərin adları hər biri 60 sm hündürlüyündə və 5 sm
qalınlığında qızıl hərflərlə Eyfel qülləsinin birinci mərtəbəsinin
fasadında eyni tip qrafikada yazılacaq. Layihə iki il ərzində
tamamlanacaq, adların dəqiq siyahısı isə 2025-ci ilin dekabr ayında
açıqlanacaq.

Layihənin növbəti mərhələsi Paris bələdiyyəsinin rəsmi
təsdiqidir. Təsdiqləndikdən sonra elmə, bərabərliyə və yaddaşa
verilən önəmin bir simvolu kimi qadın alimlərin adları dünyanın ən
məşhur abidələrindən biri olan Eyfel qülləsinin divarlarında əbədi
yer alacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir