Bakıda “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və
Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq –
IV” çoxmillətli birgə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, sentyabrın 9-da Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli
açılış mərasimində iştirak edib.

Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi
Qəhrəmanı general-mayor Ələkbər Cahangirov təlim iştirakçılarının
açılış mərasiminə hazır olduqları barədə Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edib.

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə
şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan
olunub.

Hərbi orkestrin müşayiəti ilə iştirakçı ölkələrin dövlət
himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.
Tədbirdə qeyd olunub ki, zirehli texnika, ordu aviasiyası və
pilotsuz uçuş aparatlarının cəlb edildiyi “Sonsuz qardaşlıq- IV”
çoxmillətli birgə təlimində 6 ölkənin xüsusi təyinatlı hərbi
qulluqçuları iştirak edirlər.

Birgə təlimin əsas məqsədinin dost və müttəfiq ölkələrin xüsusi
təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların
keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı
fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə
də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və
bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb.

General-polkovnik Z.Həsənov açılış mərasimində çıxış edərək
təlim iştirakçılarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib
və onları salamlayıb. Nazir qeyd edib ki, artıq dördüncü dəfədir
keçirilən və ənənəvi xarakter almış “Sonsuz qardaşlıq – IV”
çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi iştirakçı
ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq
münasibətlərinin canlı nümunəsidir.

Müdafiə naziri bildirib ki, bu kimi təlimlər yalnız hərbi
təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından
deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və
regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir. Qardaş
və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə
fəaliyyətləri, qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla
yerinə yetirilməsi həmrəylik və əməkdaşlığın daha da dərinləşdiyini
göstərir.

Müasir döyüş şəraitində xüsusi təyinatlı qüvvələrin rolunun
getdikcə daha da artdığını vurğulayan nazir birgə təlimin hər bir
iştirakçı üçün faydalı olacağını, şəxsi heyətin peşəkarlığının daha
da yüksələcəyini və təcrübə mübadiləsi vasitəsilə hər bir ölkənin
hərbi qüvvələri üçün yeni imkanların açılacağını əminliklə
vurğulayıb.
İştirakçılara uğurlar arzulayan general-polkovnik Z.Həsənov təlimin
yüksək səviyyədə təşkili və keçirilməsi, habelə cəlb olunan şəxsi
heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin daha da
yüksəldilməsi barədə müvafiq göstəriş və tövsiyələr verib.

Sonda müdafiə naziri təlim iştirakçıları üçün yaradılmış
şəraitlə tanış olub.

Qeyd edək ki, “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi
təyinatlı qüvvələr təlimində xüsusi təyinatlı bölmələr döyüş
taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış
məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş
tapşırıqlarını yerinə yetirəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir