
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən biri
sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların
rahatlığını təmin etməkdir. Bir çox ölkələrdə olduğu kimi, hava
limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas
məkandır.
Trend xəbər
verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı
məlumatda deyilir.
“Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının
təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə
yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və
nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən
şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə
qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və
narazılıqları ilə nəticələnir.
Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq.
Hava limanı ərazisində nizamsız və vahid sistemə
uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar
nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin
təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz
halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət
göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş
xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.
Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən
səfərlərə şamil edilmir.
Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa
və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq”, – məlumatda
deyilir.