
Bakı. Trend:
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) və Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM)
kimi mexanizmlər ölkələr arasında dayanıqlı əlaqələrin qurulmasına
vəsilə olur.
Trend xəbər verir
ki, bu haqda Vyetnam Diplomatiya Akademiyasının Təhlükəsizlik və
İnkişaf üzrə Araşdırmalar Mərkəzinin direktoru vəzifələrini icra
edən Tu An Tuan (Tu Anh Tuan) “İnkişaf və təhlükəsizliyin
rezonansı: AQEM-in institusional transformasiyasında regional
əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin
Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı danışıb.
“Görürük ki, bir çox ölkələr çağırışların öhdəsindən gəlmək üçün
birləşməyə can atır. ASEAN, AQEM və digər regional formatlar kimi
mexanizmlər qarşılıqlı etimadı gücləndirməyə, gərginliyi azaltmağa
və iqtisadiyyatlar arasında davamlı əlaqələr qurmağa qadirdir”, – o
qeyd edib.
Tu An Tuan vətəndaş cəmiyyətinin və beynəlxalq institutların
artan rolunu vurğulayıb.
Onun sözlərinə görə, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və
sosial ədalət məsələlərinə getdikcə daha çox diqqət ayrılır. Məhz
qlobal təşkilatlar və qeyri-hökumət aktorları ümumi rifaha yönəlmiş
gündəmi formalaşdırır.
O bildirib ki, sabit inkişaf və çağırışların dəf edilməsi üçün
dövlətlər arasında etimadı bərpa etmək vacibdir.
Onun sözlərinə görə, dövlətlər, bazarlar və cəmiyyətlər arasında
etimad olmadan nə təhlükəsizliyi, nə də rifahı təmin etmək
mümkündür.

