
Bakı. Trend:
Cari ilin 7 sentyabr tarixində Fransa müstəmləkəsi olan
Korsikanın Bastiya şəhərində Forza Novanın (Korsikanın
müstəqilliyini dəstəkləyən siyasi partiyalardan biri) çağırışı ilə
yüz nəfərdən çox şəxs etiraz aksiyası keçirib.
Bu barədə Trend-ə Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Bildirilib ki, aksiyanın keçirilməsinə səbəb 19 yaşlı korsikalı
gəncin ölkəyə qeyri-qanuni yolla gəlmiş şəxs tərəfindən bıçaq
zərbələri nəticəsində xəsarət alması olub.
Gəncin ailə üzvləri də etirazçılarla birlikdə aksiyada iştirak
ediblər. Onlar, Françeskunun dostları ilə birlikdə hücuma müqavimət
göstərdiyini, lakin ağır yaralandığını bildiriblər. Etirazçılar
tərəfindən səsləndirilən bəyanatlarda, “Korsikanın heç vaxt
zorakılıq və xaos meydançasına çevrilməyəcəyi” vurğulanıb. Aksiyada
nümayiş olunan plakartların üzərində “biz nə qurban, nə də şəhid
olacağıq, hər zaman öz torpağımızı qoruyacağıq” şüarları
səsləndirilib.
Aksiya iştirakçıları zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə
dəstəyini ifadə edərək, hadisənin hüquqi müstəvidə davam
etdirəcəklərini diqqətə çatdırıblar. Etirazçılar Fransa tərəfindən
təyin olunmuş rəsmiləri tənqid etməklə kifayətlənməyib, onların
tədbirdə iştirak etməməsini Fransanın Korsikaya olan ədalətsiz
siyasəti kimi qiymətləndiriblər. Bu mövqe, mərkəzi hakimiyyətlə ada
əhalisi arasında artan inamsızlığın daha bir göstəricisi kimi qəbul
edilib.
Qeyd edək ki, Korsikalıların dərin narazılığının kökündə Fransa
hökumətinin adanın demoqrafik tərkibini məqsədli şəkildə
dəyişdirməyə yönəlmiş siyasəti dayanır. Bu siyasət çərçivəsində
hökumət, Korsikaya qeyri-korsikalı əhalinin məqsədyönlü şəkildə
köçürülməsini təşviq edir, bu da adanın yerli mədəni və etnik
kimliyinin zəiflədilməsinə xidmət edir. Belə bir yanaşma təkcə
Korsikanın tarixi və mədəni özünəməxsusluğuna təhdid yaratmır, həm
də yerli əhali ilə yeni gələnlər arasında sosial və siyasi
gərginliyi kəskinləşdirir. Bu gərginlik, adada etnik və mədəni
ziddiyyətlərin artmasına, eyni zamanda kriminal vəziyyətin
nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olur. Fransa hökumətinin
bu siyasəti, Korsikalıların öz torpaqlarında azlıq durumuna düşmək
qorxusunu gücləndirir və onların öz müqəddəratını təyin etmək
hüquqlarına dair tələblərini daha da aktuallaşdırır.