Ceyhun Bayramov Misirin ölkəmizdəki yeni səfiri ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb
Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin
Effat Mustafa Rezanı qəbul edib.

XİN-dən Trend
bildirilib ki, səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazir
Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib,
ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyət
müzakirə olunub.

İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasında
dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı
səfərlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin, habelə
siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama
Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyi və sədrliyi dövründə ölkələrimiz
arasında əməkdaşlıq məmnunluqla xatırlanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı
məlumatlandırıb.

Tərəflər həmçinin, Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyəti
ətrafında müzakirə aparıblar.

Səfir Misirin Azərbaycandakı səfiri qismində fəaliyyət
göstərəcəyindən məmnunluq duyduğunu və fəaliyyəti dövründə
ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı üçün səylərini
əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.