
Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının
(Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri
Mariyana Kuyunciçi qəbul edib.
XİN-dən Trend-ə
bildirilib ki, nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı
ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə
təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Aİ arasında müxtəlif, o cümlədən siyasi,
iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s.
istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.
Ölkəmizin Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin
əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə
əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı
məlumatlandırıb.
Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin
irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş
razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin
qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi
ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.
Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç qəbula görə təşəkkürünü
bildirərək, fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin
irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd
edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.