
Bakı. Trend:
Bu gün xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Misir Ərəb
Respublikasında səfərdə olub.
XİN-dən Trend-ə
bildirilib ki, səfər zamanı Yalçın Rəfiyev ilk olaraq Misirin
planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri,
eyni zamanda, Azərbaycan-Misir arasında iqtisadi, texniki və elmi
əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Misir
tərəfindən həmsədri xanım Rania Al-Mashat ilə görüşüb.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi,
investisiya imkanlarının qiymətləndirilməsi və enerji, kənd
təsərrüfatı, nəqliyyat, əczaçılıq və turizm kimi sahələrdə
əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin
hökumətlərarası komissiyanın növbəti iclasının təşkili və bu
mərhələdə həyata keçirilməsi nəzərdə tutulan mümkün birgə layihələr
müzakirə edilib.
Daha sonra Y.Rəfiyev Misirin xarici işlər nazirinin ekologiya
məsələləri üzrə müavini cənab Vael Aboulmagd ilə görüşüb. Tərəflər
arasında aparılan müzakirələrdə iqlim dəyişikliyi ilə mübarizə,
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində
əməkdaşlıq, yaşıl enerji, bərpa olunan enerji mənbələrinin
inkişafı, su ehtiyatlarının idarə olunması və ekoloji dayanıqlılıq
sahəsində təcrübə mübadiləsi imkanları dəyərləndirilib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi ilə Misir Ərəb Respublikası Xarici İşlər, İmmiqrasiya və
Xaricdəki Misirlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin
növbəti 8-ci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan
tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, qarşı
tərəfdən isə Misirin xarici işlər nazirinin Avropa məsələləri üzrə
müavini cənab Vael Məhəmməd Avad Həmid rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Misir arasında
tarixi dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün
istiqamətlər üzrə genişləndirilməsi üçün güclü potensialın
mövcudluğu qeyd edilib, ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin
genişləndirilməsi, iqtisadi-ticarət, eneri, turizm, kənd
təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı
vəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət
dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək
fəaliyyətinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər,
o cümlədən Yaxın Şərq, Cənubi Qafqaz regionunda təhlükəsizlik
vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir
mübadiləsi aparıblar.

