
Bakı. Trend:
La-Manş boğazından qanunsuz yollarla Britaniyaya gələn sığınacaq
axtaranların Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddialar
nəticəsində milyonlarla funt-sterlinq kompensasiya ala biləcəyi
bildirilir.
Trend
“Telegraph”a istinadən xəbər verir ki, Dover yaxınlığındakı keçmiş
Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazasında yerləşən Manston
miqrantların saxlanma mərkəzində təxminən 200 nəfər qeyri-qanuni
saxlanma və insanlıqdan kənar şəraitdə qalma ilə bağlı məhkəməyə
müraciət edib.
Şikayətlər arasında mühafizəçilərin cinsi zorakılığı, fiziki
təzyiqi, şəxsi əmlakın oğurlanması, tibbi yardımın rədd edilməsi,
difteriya, qaşınma kimi xəstəliklərin yayılması, çirkli və soyuq
şərait, ailələrin zorla ayrılması kimi hallar göstərilib.
Qanunvericiliyə görə, miqrantların 24 saatdan artıq qeyri-qanuni
saxlanması hər gün üçün minimum 500 funt kompensasiya ödənilməsinə
səbəb olur. Bununla yanaşı, məhkəmələr əlavə olaraq daha yüksək və
ya nümunəvi təzminat da təyin edə bilər.
Rəqəmlərə görə, ümumilikdə 18 minə yaxın miqrant Manstonda qalıb
ki, bu da gələcəkdə daha çox kompensasiya iddialarına yol aça
bilər. Xatırladaq ki, ötən ilin oktyabrında Qatvik hava limanı
yaxınlığındakı Brook House mərkəzində üç ay qeyri-qanuni saxlanılan
və alçaldıcı rəftara məruz qalan bir miqranta 203 min 995
funt-sterlinq təzminat ödənilmişdi.