
Bakı. Trend:
Avstriyanın paytaxtı Vyanada Azərbaycan klassik musiqisinin
banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik
yubileyinə həsr olunan “Sounds of the Land of Fire” (“Odlar
Yurdunun Sədaları”) adlı ikinci beynəlxalq piano müsabiqəsi başa
çatıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan
Akademik Birliyinin təşkilatçılığı və Vyanadakı Azərbaycan
Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.
Bu genişmiqyaslı layihənin direktoru Azərbaycan Akademik
Birliyinin rəhbəri Sahilə Rzazadədir. Proqramın ərsəyə gəlməsində
Abuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə
(incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiya
texnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə üzrə
məsləhətçi) və Raul Məmmədzadənin (mədəni təşkilatlarla əməkdaşlıq
üzrə köməkçi) böyük rolu olub.
Beynəlxalq piano müsabiqəsinin final mərhələsi Vyana şəhərinin
mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında,
laureatların qala-konserti isə Azərbaycan Mədəniyyət Mərkəzində
təşkil olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bu
mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur
duyduğunu bildirib. O, müsabiqənin ikinci dəfə keçirilməsini və
dahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmasını yüksək
qiymətləndirib.
Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadə isə
iştirakçıların həm istedad, həm də cəsarət nümayiş etdirdiklərini
vurğulayıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara,
dəstəkçilərə və münsiflər heyətinə minnətdarlığını ifadə edib.
Münsiflər heyətinin sədri, Xalq artisti, professor Fərhad
Bədəlbəyli gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə
malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb.
Müsabiqə zamanı müxtəlif ölkələrdən olan gənc pianoçular Qara
Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib
Məmmədov, Fərhad Bədəlbəyli və digər tanınmış Azərbaycan
bəstəkarlarının zəngin irsinə müraciət ediblər.
Münsiflərin qərarına əsasən, Eunseon Ahn (Cənubi Koreya, 27 yaş)
I dərəcəli laureat, Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki
(Yaponiya, 24 yaş) II dərəcəli laureat, Hidayət Sadıqbəyli
(Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş) III
dərəcəli laureat adına layiq görülüblər.
Azərbaycan bəstəkarları Əşrəf Abbasovun “Folk Song” (6
miniatura) və “Humoreska”, eləcə də Cövdət Hacıyevin “Joke” və “Fairy Tale” əsərlərini yüksək peşəkarlıqla ifa etdiyinə görə 23
yaşlı çexiyalı musiqiçi Daniel Boura xüsusi mükafatla təltif
edilib.
Müsabiqə ilə bağlı daha ətraflı aşağıdakı linkdən tanış ola
bilərsiniz: