
Bakı. Trend:
Londonun Hitrou hava limanının 4-cü terminalında sentyabrın 8-də
baş verən insidentlə bağlı 57 yaşlı bir nəfər saxlanılıb.
Trend “Sky News”a
istinadla xəbər verir ki, hadisə zamanı təxminən 20 nəfər sağlamlıq
şikayəti ilə müraciət edib və terminaldakılar müvəqqəti olaraq
təxliyə olunub.
Xüsusi təlim keçmiş polis qüvvələri, London Yanğınsöndürmə
Xidməti və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb olunub.
Metropolitan Polisi ərazidə apardığı axtarış zamanı CS qazı
(gözyaşardıcı qaz) olduğu ehtimal olunan balon aşkarlayıb. Polis
bildirib ki, həmin maddə insanlara təsir göstərərək zərər verə
bilər. Şübhəli şəxs hazırda polis nəzarətindədir.
Hadisənin terrorla əlaqəsi olmadığı vurğulanıb. Təcili tibbi
yardım xidməti bir nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.