
Bakı. Trend:
Transadriatik qaz kəməri əlavə 1,2 milyard kubmetr qazın təmin
olunması üçün tələb olunan işlərin yekun mərhələsinə qədəm
qoyur.
Bu barədə Trend-in
sorğusuna TAP AG konsorsiumundan bildiriblər.
Konsorsiumda qeyd olunub ki, 2021-ci ildə keçirilmiş və 2023-cü
ilin yanvarında başa çatmış bazar sınağının nəticələri əsasında
illik 1,2 milyard kubmetr həcmində məcburi sifarişlər alınıb ki, bu
da 1 yanvar 2026-cı il tarixinədək qaz kəmərinin ötürücülük
qabiliyyətinin müvafiq şəkildə genişləndirilməsini öncədən nəzərə
almağa imkan verib.
“Bura Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın ərazidə – Kipoi
(Aleksandrupolis) bölgəsində yerləşən mövcud kompressor
stansiyasında yeni kompressor aqreqatının (təxminən 15 MVt gücündə)
quraşdırılması, həmçinin infrastrukturun müasirləşdirilməsi
daxildir. Hazırda TAP qəbul olunmuş öhdəliklərə uyğun olaraq bu
əlavə imkanların istismara verilməsini təmin etmək üçün işlərin
yekun mərhələsinə qədəm qoyur”,- TAP AG-də bildiriblər.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.
877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində
(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və
beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik
dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi
Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci
ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan
(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı
Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,
həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının
daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),
“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).