
Bakı. Trend:
Sentyabrın 19-21-də paytaxtımızda keçiriləcək Formula 1 Qatar
Airways Azərbaycan Qran Prisi 2025-in startına sayılı günlər qalır.
Yarış həftəsində Bakının küçələrində mühərriklərin gurultusu
yenidən eşidiləcək və paytaxtımız dünya avtoidmanının mərkəzinə
çevriləcək.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, yarış günlərində 12
mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir.
Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən
çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan
sadəcə “Formula 1” ab-havasını yaşamaq üçün paytaxtımıza üz
tutublar. Formula 1-in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin
55 faizi Azərbaycan Qran Prisini dostlarına tövsiyə etməyə
hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi
planlaşdırır.
Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ
dolları ötür ki, bu da Qran Prini turizm və sahibkarlığın inkişafı
üçün mühüm hərəkətverici qüvvəyə çevirir.
2024-cü ildə Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86
milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı
isə 3,9 milyard tamaşaçını keçib.
Azərbaycan Qran Prisinə marağı nəzərə alınaraq, 2025-ci ildə iki
yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq
tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da
Bakının “Formula 1” xəritəsində mövqeyini daha da
möhkəmləndirir.
Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub.
Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik,
montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər
əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya
əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur.
Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına
düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra
olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli
mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır. Beləliklə,
Qran Pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün
güclü inkişaf platformasıdır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud
Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın
qonaqpərvərliyindən zövq almağa dəvət edir:
“Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində
Azərbaycan Qran Prisi artıq Formula 1 təqvimində mütləq izlənilməli
yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni
tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib
olacaq. İlk dəfə eksklüziv “Formula 1 Çempionlar Klubu” fəaliyyət
göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər
unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan
Qran Prisini canlı izləmək fürsəti verəcək.
Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdır və bizi
unudulmaz anlar gözləyir! Bakı Şəhər Halqası ənənəsinə sadiq
qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az
görünəcəksə, sadəcə gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma,
sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals
azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər”.

