
Bakı. Trend:
Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi
strateji əhəmiyyət daşıyır. Son illərdə ölkəmizdə bu sahədə geniş
islahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb və
uğurla icra olunur.
Trend xəbər
verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su
Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su
Həftəsi) açılış mərasimində deyib.
O vurğulayıb ki, məqsəd həm su təhlükəsizliyini təmin etmək, həm
də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir: “Əminəm ki, bu
həftə ərzində keçiriləcək panel müzakirələr, təqdimatlar və fikir
mübadilələri milli su strategiyamızın hədəflərinə çatmaqda mühüm
rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq
əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.
Bu fürsətdən istifadə edərək tədbirin yüksək səviyyədə təşkilinə
dəstək verən dövlət qurumlarına, tərəfdaş təşkilatlara və bütün
iştirakçılara təşəkkürümü bildirirəm”.
“Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün bizimlə bərabər
hörmətli dövlət rəsmilərimiz – Azərbaycan Respublikası
Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi cənab Muxtar
Babayev, Ekologiya və Təbii Sərvətlər naziri cənab Rəşad İsmayılov
və Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov da iştirak
edirlər. Onların bu tədbirə qatılması ölkəmizdə su ehtiyatlarının
idarə olunmasına verilən yüksək dövlət qayğısının göstəricisidir”,
– deyə sədr qeyd edib.