
Baku Network ekspert platformasında “Tofiq
Abbasovla dialoq” analitik videolayihəsinin növbəti buraxılışı
çıxıb. Verlişin bu dəfəki qonağı Azərbaycanın xalq rəssamı,
Almaniyanın Rəssamlar Birliyinin üzvü, Avropada Azərbaycan Mədəni
Xadimləri Assosasiyasının üzvü Əşrəf Heybətov olub.
Söhbət zamanı o, turbulent dünyada incəsənətin roluna dair
baxışlarını bölüşüb, mədəni diplomatiyadan və tarixi yaddaşın
qorunmasına yönəlmiş şəxsi layihələrindən danışıb.
Əşrəf Heybətov qeyd edib ki, bəşəriyyət qeyri-sabit və çox
baxımdan proqnozlaşdırılması çətin bir dövrə qədəm qoyub. Onun
sözlərinə görə, məhz belə vaxtlarda incəsənət nümayəndələrinin
fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir:
“Mənim missiyam yalnız nikbinliyi, vətənimizi – Azərbaycanı
təbliğ etməkdir. İncəsənət mahiyyət etibarilə beynəlmiləldir və
məhz rəssamlar, yazıçılar, musiqiçilər xalqlar arasında körpü
rolunu oynamalıdırlar.”
O vurğulayıb ki, düşmənçilik və nifrət daimi kateqoriyalar ola
bilməz, çünki insanların bundan yorulması qaçılmazdır. Buna görə də
mədəniyyətin vəzifəsi – əvvəlkindən daha möhkəm və uzunömürlü yeni
körpülər qurmaqdır.
Rəssam xatırladıb ki, sərgiləri Vatikan, NATO və ATƏT də daxil
olmaqla nüfuzlu beynəlxalq məkanda keçirilib. O, dünya
siyasətçiləri və ictimai xadimləri ilə, o cümlədən Almaniyanın
sabiq kansleri Gerhard Şröderlə görüşüb, həmçinin Nobel mükafatı
laureatı Günter Qrassın yubileyinə dəvət olunub və onun portretini
şəxsən özü çəkib.
Ə.Heybətovun sözlərinə görə, bu cür təmaslar ona beynəlxalq
arenada “Azərbaycan” sözünü daha tez-tez səsləndirmək və dünya
ictimaiyyətinə Azərbaycan mədəniyyətinin zənginliyini xatırlatmaq
imkanı yaradır.
Aparıcının suallarını cavablandırarkən rəssam Avropada radikal
sağ meyillərin artdığını vurğulayıb. Onun sözlərinə görə, xüsusilə
Şərqi Almaniyada, “Pegida” hərəkatının yarandığı ərazidə bu meyllər
daha qabarıq hiss olunur.
Ə.Heybətov XX əsrin acı dərslərini xatırladaraq faşist
ideologiyasının ikinci nəfəs qazanmamalı olduğunu qeyd edib. Bu
kontekstdə o, İrəvanda, o cümlədən Qaregin Njde abidəsi önündə
keçirilən millətçi yürüşlərin narahatedici təzahürlərinə diqqət
çəkib.
Rəssam həmçinin Azərbaycanla barışmaq istəməyən erməni
radikallarının mövqeyindən irəli gələn çətinliklərdən danışıb. O,
xatırladıb ki, sovet illərində azərbaycanlı və erməni rəssamlar
arasında mədəni əlaqələr sıx və millətçi çalar olmadan mövcud idi.
Lakin artıq 1980-ci illərdə xaricdəki erməni dairələri Qarabağın
ayrılması üçün zəmin hazırlamağa çalışırdılar.
Rəssamın fikrincə, bu gün mədəniyyət xadimləri humanist
dəyərlərə əsaslanaraq sülh dialoqu üçün yeni imkanlar axtarmalı,
körpüləri bərpa etməyə çalışmalıdırlar.
Ə.Heybətov xüsusi olaraq tarixi yaddaş mövzusuna toxunub. O,
erməni ekstremistlərinin hələ də azərbaycanlılara qarşı
cinayətlərlə adı bağlı şəxsləri simvola çevirdiklərini, bu xüsusda
Xankəndini misal çəkib.
Rəssam həmçinin öz layihəsi – 1918-ci ilin Mart soyqırımına həsr
olunmuş qrafik işlər silsiləsindən danışıb. Onun sözlərinə görə,
rəssamın missiyası yalnız mənzərə və natürmort yaratmaqdan ibarət
deyil, həm də Azərbaycanın tarixinə dair faciəvi səhifələrin
həqiqətlərini çatdırmaqdır.
Ə.Heybətov bildirib ki, o, yaxınlarda Laçında uşaqla birlikdə
doğma yurda həsr olunmuş rəsmlər çəkdiyi ustad dərsi keçirib. Onun
fikrincə, vətənə məhəbbətin tərbiyəsi erkən yaşlardan
başlanmalıdır.
O, həmçinin “Türk dünyası” çərçivəsində Azərbaycanda və xaricdə
təşkil olunan sərgilərindən danışıb. Berlində Heybətovun
layihələrinin dəfələrlə türk diplomatları tərəfindən açılması
mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olub.