
Bakı. Trend:
Baş nazirin müavini, Azərbaycan – Çin Hökumətlərarası
Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 9-da Çendu
şəhərində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə
Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync
Photovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadi
Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə
İnvestisiya Sazişi imzalanıb.
Sənədi Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə
Heyətinin sədri Valeh Ələsgərov və “Sichuan Sunsync Photovoltaic
Technology Co., Ltd.” şirkətinin təsisçisi və sədri Sie Yi
imzalayıb.
Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi
infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq
hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa
edəcəkdir. Müəssisələrdə illik 3 qiqavat (QVt) istehsal gücünə
malik günəş panelləri, həmçinin silisium kristalları və
komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək
günəş panelləri eyni zamanda şirkət tərəfindən Ələt Azad İqtisadi
Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində
də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara
ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı
üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.
Layihə Ələt Azad İqtisadi Zonasının inkişafında mühüm mərhələ
olmaqla yanaşı, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın
güclənməsinə də töhfə verəcək. Bu layihənin həyata keçirilməsi
Çinin yüksək texnologiyalı şirkətləri tərəfindən Ələt Azad İqtisadi
Zonasına göstərilən marağın artmasına zəmin yaradacaq.
Qeyd edək ki, aktivlərinin həcmi 1,7 milyard ABŞ dolları təşkil
edən “Sichuan Sunsync” qısa müddətdə günəş panellərinin istehsalı
sahəsində qabaqcıl şirkətə çevrilə bilib. Azərbaycan Prezidenti
İlham Əliyev Çinə işgüzar səfəri zamanı “Sichuan Sunsync”
şirkətinin rəhbərini qəbul etmişdi və Ələt Azad İqtisadi Zonasında
günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji
standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar
məsələlər müzakirə olunmuşdu.