
Bakı. Trend:
Bir ekosistemi bazara yeni bir məhsulla “Bir Bonus”la daxil
olaraq bütün loyallıq proqramı istifadəçilərini təəccübləndirdi.
Uzun illərdir “Umico Bonus” adı ilə tanıdığımız loyallıq
proqramındakı bu strateji dəyişikliyin arxasında hansı məqsədlər
dayanır? Bu keçid müştərilər və partnyorlar üçün nə vəd edir? Bütün
bu suallara cavab tapmaq üçün Bir ekosisteminin Loyallıq Proqramı
İdarəsinin Baş Direktoru, layihənin ideya müəlliflərindən və
rəhbərlərindən olan Fərid İslamovla həmsöhbət olduq.
Fərid bəy, ilk və ən vacib sualdan başlayaq. Hər kəsin
tanıdığı və sevdiyi Umico Bonus niyə məhz indi “Bir Bonus” oldu? Bu
rebrendinqə gedən yolun arxasında dayanan əsas strateji baxışınız
nədir?
Əla sualdır, amma gəlin məsələyə bir az fərqli prizmadan baxaq.
Bu, sadəcə bir ad dəyişikliyi və ya rebrendinq deyil. Bu,
təkamüldür, hətta bazarda yeni bir inqilabdır. “Umico bonus” bizim
üçün çox dəyərli bir mərhələ idi, bazarı formalaşdırdığımız,
müştərilərin vərdişlərini dəyişdiyimiz bir dövr. Amma Bir
ekosistemi sürətlə böyüyür və biz artıq ayrı-ayrı güclü brendlər
deyil, vahid, nəhəng bir dəyər zənciriyik. Bir sözlə biz Bir Bonus
ilə həm də belə desəm “status-kvonu” dəyişirik.
Müştəri Birmarket-də alış-veriş edirsə, Trendyol Azərbaycandan
sifariş verirsə, ödənişini Birbank-la və ya m10-la edirsə, bütün bu
təcrübələrin mərkəzində dayanan loyallıq proqramının da bu birliyin
adını daşıması, fəlsəfəsini əks etdirməsi qaçılmaz idi. Biz dağınıq
parçaları birləşdirib ortaya tək, güclü və hər kəs üçün faydalı bir
məhsul çıxardıq: adı kimi, özü də “Bir”.
Bu prosesdə inteqrasiya sözü belə texniki bir termin deyil. Bu,
bir fəlsəfədir. Biz Bir Bonus-u sadəcə Birbank-a, m10-a ya da
minlərlə tərəfdaşın olduğu Birmarket-ə əlavə etmədik, biz onların
DNT-lərini birləşdirdik.
Bir ekosisteminin digər məhsulları ilə “Bir Bonus”
arasındakı sinerji müştərilərə praktikada nə verəcək? Yəni, mən
Birbank istifadəçisi olaraq bu inteqrasiyanı öz həyatımda necə hiss
edəcəm?
Bu sual bizim yaratdığımız dəyişikliyin tam mərkəzində dayanır.
Hətta belə deyərdim ki, bu layihəyə başlayanda əsas açar sözümüz
“maneəsiz təcrübə” idi. Artıq müştərinin Birbank-dakı bonusu ayrı,
Birmarket-dəki, eləcə də m10-dakı ayrı deyil, ya da müştərinin
beynində “bu bonus haradan gəldi?”, “o bonusu harada xərcləyim?”
kimi suallar olmayacaq. Biz bütün bonusları vahid bir kabinetə
yığdıq. Hansı tətbiqdə olmağınızdan asılı olmayaraq, bütün
qazandığınız bonuslar bir yerdədir.
Təsəvvür edin ki, Birbank tətbiqində kommunal ödəniş edirsiniz,
anında hesabınızda bonuslar görünür. Həmin bonusları gedib
nəqliyyat ödənişində istifadə edirsiniz və ya supermarketdə
alış-veriş zamanı xərcləyirsiniz. Bununla biz müştərinin maliyyə
həyatının bütün nöqtələrini bir-birinə bağlayırıq.
İkincisi, biz bütün prosesi maraqlı bir oyuna da çevirmişik.
Belə ki, hər ay müştərilərimizi maraqlı tapşırıqlar gözləyir. Yəni
artıq siz sadəcə alış-veriş etmirsiniz, həm də bir növ oyunda
iştirak edib yeni hədəflərə çatırsınız. Qazandıqlarınızı xərcləmək
isə çox asandır və seçim azadlığı tamamilə sizindir. Partnyorda
qazanılmış bonusu növbəti ödənişdə elə partnyorda xərcləməyə,
BakıKart bileti almaqdan Trendyol-dan sifarişə, nömrənin balansını
artırmaqdan Birmarket-dən onlayn alış-verişə qədər demək olar ki,
hər yerdə bonusları xərcləmək mümkündür. Bir sözlə biz müştərimizə
sadəcə bonus yox, öz loyallığını idarə etmək üçün tam nəzarət və
azadlıq veririk.
Bu keçid təkcə müştərilər üçün deyil, həm də illərdir
sizə güvənən partnyorlar üçün önəmlidir. “Bir Bonus” proqramı
onlara hansı yeni imkanlar vəd edir?
Partnyorlarımız üçün bu keçid loyallıq proqramının tərəfdaşı
olmaqdan daha çox ölkənin ən böyük maliyyə ekosisteminin bir
parçasına çevrilmək deməkdir.
Biz onlara ölkənin ən böyük müştəri bazalarından birinə, Bir
ekosisteminin milyonlarla istifadəçisinə birbaşa məhsul təqdim
etmək imkanı veririk. Ən əsası artıq partnyorlarımız öz
bizneslərinin hədəflərinə uyğun istənilən kampaniyanı qura
bilərlər. Yəni onlar istəsələr bütün məhsullara və ya tək bir
məhsula xüsusi bonus təyin edə, istəsələr də müştərinin doğum
gününə özəl təklif hazırlaya bilərlər.
Bununla da kifayətlənmirik. Partnyorlarımıza müştəri davranışını
dərindən analiz etmək üçün güclü alətlər təqdim edirik. Bu data
onlara imkan verəcək ki, kor-koranə kampaniyalar yox, hədəfə
fokuslu, yüksək effektivliyə malik marketinq strategiyası
qursunlar. Bizim üçün partnyorlar böyümə strategiyamızın vacib bir
hissəsidir. Bir Bonus isə partnyor üçün bir vitrin yox, birbaşa
satışları və müştəri loyallığını artıran güclü bir biznes
alətidir.
Bu miqyasda bir keçid adətən çətin olur. Həm
müştəriləri, həm də minlərlə partnyoru yeni sistemə necə adaptasiya
etdiniz? Prosesi idarə etmək üçün strategiyanız nə
oldu?
Mənim üçün “çətin” yox, “düzgün planlanmış” proses var. Əsas
məsələ odur ki, bu keçid partnyorlarımız və müştərilərimiz üçün
yorucu bir mərhələ kimi yox, yeni bir fürsət kimi görünsün.
Strategiyamız da məhz bu məqsədə xidmət edir.
Konkret olaraq nə etdik – sualına cavabım isə keçidin bir neçə
mərhələli olmasıdır.
Birincisi, partnyorlarımızı bu prosesə tam hazırladıq. Onlara
sadəcə “dəyişikliyə gedirik” demirik. Hər birinə fərdi yanaşırıq və
onlara komandamız tərəfindən təlimlər keçirilir. Həmçinin, onları
bütün mümkün sualları əvvəlcədən cavablayan təlimatlarla təmin
edirik. Yəni, partnyorumuzun hər hansı bir çətinliklə üzləşmə
ehtimalını sıfıra endirdik.
İkincisi, müştərilərimizin keşbek və bonus arasındakı seçim
azadlığını məhdudlaşdırmırıq. Bir müddət həm köhnə keşbek sistemi,
həm də yeni bonus platforması paralel işləyəcək. Bu da insanlara
yeni sistemi sərbəst şəkildə yoxlamaq, üstünlüklərini görmək və
könüllü olaraq keçid etmək imkanı verir. Nəticə isə açığı
gözləntimizi də aşdı və alıdğımız şərhlər bizi çox sevindirir.
Belə böyük bir layihənin arxa kadrı da maraqlıdır.
Layihənin müştərilərə təqdim olunana qədər olan mərhələsini,
ofisinizdə yaşanan o həyəcanı sizdən eşitmək çox
maraqlıdır.
Bu, bəlkə də, müsahibənin ən önəmli hissəsidir. Texnologiya,
strategiya, brendinq, bunlar hamısı vacibdir. Amma heç biri vacib
qığılcımı yandıran insan amili qədər güclü deyil. Son həftələr,
xüsusilə son 72 saat ofisin sanki bir döyüş qərargahına
çevrildiyini desəm yanılmaram. Amma bu, məcburiyyət altında edilən
bir iş yox, hər kəsin inandığı bir hədəf uğrunda könüllü şəkildə
gücünü birləşdirdiyi bir arena idi.
Bu layihədə çalışan developerdən tutmuş, marketinq
departamentinin gecəyarı beyin fırtınalarına kimi bütün
əməkdaşlarımızın təşəbbüslərini sözlə ifadə etmək çətindir. O
otaqlarda yorğunluq yox, adrenalin var idi. Mən bir rəhbər olaraq
onlarla sadəcə fəxr etmirəm, həm də hər birinin enerjisindən ilham
alıram. Bir Bonusun əsl memarları onlardırlar.
Günün sonunda “Bir Bonus”un əldə etmək istəyi gələcək
hədəfləri nələrdir?
İstər bu layihənin, istərsə də gələcək planlarımızın sərhədi
yoxdur, daimi hərəkət və yenilənən planlar var. Amma məqsəd birdir,
o da ölkəmizin hər bir guşəsində yaşayan hər bir vətəndaşın bu
sistemdən faydalanmasını təmin etmək.
Bizim üçün “Bir Bonus” sadəcə bir kommersiya layihəsi deyil, həm
də rəqəmsal və maliyyə inklüzivliyini təmin edən sosial bir
missiyadır. Unutmayaq ki, burada hər bir bonus əməliyyatı nağdsız
dövriyyəni stimullaşdırır, bu isə öz növbəsində ölkəmizin rəqəmsal
iqtisadi ekosisteminin inkişafına birbaşa töhfə deməkdir.
Partnyor şəbəkəmizi dayanmadan genişləndirəcək, platformaya daim
yeni funksiyalar əlavə edəcək və müştəri təcrübəsini
mükəmməlləşdirəcəyik. Biz bazarda sadəcə daha bir loyallıq proqramı
yaratmırıq. Biz ölkədə hər kəsin qazandığı vahid bir dəyər
standartı formalaşdırırıq.
– Təşəkkür edirəm, Fərid bəy, olduqca maraqlı və faydalı söhbət
oldu.
– Mən təşəkkür edirəm. Düşünürəm ki, hər kəsi maraqlandıran
məqamlara toxuna bildik. Layihəyə maraq göstərdiyiniz üçün
təşəkkürlər.