
Bakı. Trend
Bu labaratoriyalar ölkəmizdə elmi tədqiqatların aparılması üçün
geniş imkanlar açır.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev Azərbaycan
Metrologiya İnstitutu tərəfindən 7 yeni laboratoriyanın açılış
mərasimində çıxış edərkən deyib.
O bildirib ki, ölkəmizdə metroloji infrastrukturunun inkişafı
kontekstində yeni laboratoriyanın açılması, əslində, Azərbaycanın
uzunmüddətli inkişaf strategiyasına tam uyğun gəlir:
“Çünki bu, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş
2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında
nəzərdə tutulmuş tədbirlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Mən fürsətdən istifadə edərək, yeni laboratoriyanın açılmasının həm
ölkə iqtisadiyyatına, həm də biznes mühitinə təsiri ilə bağlı bir
neçə məqamı qeyd etmək istərdim.
İlk növbədə, rəqabətli məhsulların istehsalı üçün əlverişli
infrastrukturun formalaşması və ixrac potensialının artırılması
baxımından bu laboratoriya mühüm rol oynayacaq”.
“Eyni zamanda, burada yaradılan şərait ölkəmizdə elmi
tədqiqatların aparılması üçün geniş imkanlar açır. Heç də təsadüfi
deyil ki, bugünkü tədbirdə aparıcı təhsil müəssisələrinin
rəhbərlərinin iştirakı təmin olunub. Bu da elm və praktiki
nəticələrin bir mühitdə birləşdirilməsi üçün çox mühüm platforma
yaradır. Digər tərəfdən, bu addım kadr potensialının inkişafı və
gənc mütəxəssislərin nəzəri biliklərini praktik təcrübə ilə
möhkəmləndirməsi baxımından da böyük əhəmiyyət daşıyır. Buna görə
xüsusi təşəkkürümü bildirirəm ki, belə imkanlar yaradılıb.
Biznes mühitinə təsiri baxımından isə bu təşəbbüs yeni
imkanların formalaşmasına xidmət edir. Xüsusilə, qida sənayesi və
əczaçılıq sənayesində tədqiqatların aparılması, etalon
laboratoriyaların fəaliyyəti, məhsulların inkişaf etdirilməsi üçün
böyük perspektivlər açılır. Burada əsas məqamlardan biri də
istehlak bazarında keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Bu,
həm daxili bazarda istehlakçılara daha yüksək keyfiyyətli
məhsulların təqdim olunması, həm də beynəlxalq bazarlara çıxış
baxımından xüsusi önəm daşıyır.
Mən bu prosesin davamlı xarakter almasını təqdirəlayiq hesab
edirəm. Xatırladım ki, artıq dörd ay əvvəl yeni müqayisələr
laboratoriyasının alınması ilə bağlı müqavilələrin imzalanması
mərasimi keçirilmişdi və qısa müddətdə belə yüksək nəticələrin əldə
olunması prosesin inklüzivliyini nümayiş etdirir”, – deyə o əlavə
edib.