
Bakı.Trend:
Bu ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin
avqust ayına nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 106,6 faiz, qeyri-qida
məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 104,9 faiz təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat
verir.
Qeyd olunub ki, 2025-ci ilin avqust ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında
isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil
edib.
Bildirilib ki, qida məhsulları, alkoqollu içkilər və tütün
məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
100,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 106,6 faiz təşkil edib.
“Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün,
yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının,
əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın,
yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə
limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin,
brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə
çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.
2025-ci ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust
aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz
təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida
məhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlik
məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində
müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi
dəyişikliklər baş verməyib.
2025-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli
xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
100,6 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 106,9 faiz təşkil edib.
Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş
ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi
təmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatı
ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelər
tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə
olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi
dəyişikliklər baş verməyib”, – məlumatda qeyd olunub.

