Avropa İttifaqı İsrailə maliyyə dəstəyini dayandırır

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası İsrailin Qəzza zolağındakı hərəkətləri ilə
əlaqədar bu ölkəyə göstərilən dəstəyi dayandırır.

Trend xəbər
verir ki, bu barədə Komissiyanın Prezidenti Ursula Fon der Lyayen
Strasburqda Avropa Parlamentindəki “İttifaqın vəziyyəti” adlı illik
çıxışında bildirib.

U.Lyayen qeyd edib ki, bu addım İsrailin vətəndaş cəmiyyəti ilə
əməkdaşlığa və Yad Vashem Holokost Memorialı ilə fəaliyyətə təsir
etməyəcək. O, həmçinin, üzv ölkələrə ekstremist nazirlərə və zorakı
sakinlərə qarşı sanksiyaların tətbiqinin tövsiyə olunmasının
planlaşdırıldığını və Assosiasiya Sazişində yer alan ticarət
razılaşmalarının müvəqqəti dayandırılmasının təklif ediləcəyini
açıqlayıb.




Komissiyanın Prezidenti bu tədbirlər üçün əksəriyyətin
dəstəyinin qazanılmasının çətin olacağını, bəzi ölkələrin bu
addımları artıq hesab etdiyini, bəzilərinin isə kifayət qədər
olmadığını düşündüyünü deyib. “Lakin Parlament, Şura və Komissiya
olaraq məsuliyyətimizi yerinə yetirməliyik”, – deyə U.Lyayen
bildirib.

Avropa Komissiyasının Prezidenti çıxışında dayandırılacaq
maliyyə vəsaitinin məbləği barədə açıqlama verməyib.