
Bakı. Trend:
Bəhreyndə Azərbaycan səfirliyinin açılması kifayət qədər
strateji və çoxplanlı əhəmiyyət daşıyır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü komitənin bugünkü
iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bunun izahını bir neçə əsas
istiqamətdə vermək olar:
“Birincisi, bu addım Azərbaycanın Körfəz regionunda diplomatik
şəbəkəsinin genişlənməsi deməkdir. İndiyədək Səudiyyə Ərəbistanı,
BƏƏ, Küveyt və Qətərlə diplomatik münasibətlərimizi
gücləndirmişdik, indi isə Bəhreynin əlavə olunması Bakı üçün bütün
Körfəz ölkələri ilə əlaqələrin tam siyasi-institusional əsasda
qurulması anlamına gəlir.
İkincisi, iqtisadi tərəfi nəzərə almaq lazımdır. Bəhreyn kiçik
ölkə olsa da, maliyyə mərkəzi statusuna malikdir və Körfəz
kapitalının idarə olunmasında mühüm rolu var. Burada səfirliyin
açılması Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusilə
turizm və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın
gücləndirilməsi imkanını açır.
Üçüncüsü, Bəhreyn həm İslam Əməkdaşlıq Təşkilatında, həm də ərəb
dünyasında Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrdən biridir.
Qarabağ məsələsində də Bakının mövqeyinə ardıcıl dəstək göstərib.
Bu dəstəyi institusional əməkdaşlıqla möhkəmləndirmək Azərbaycanın
beynəlxalq hüquqa əsaslanan mövqelərinin regionda daha geniş
rezonans tapmasına kömək edəcək”.
Deputat qeyd edib ki, bu qərar həm də simvolik və ideoloji
mesajdır.
“Azərbaycan müsəlman dünyasında həmrəyliyin təşviqinə xüsusi
əhəmiyyət verdiyini bir daha təsdiqləyir”, – deyə E.Mirzəbəyli
çıxışını yekunlaşdırıb.