
Bakı. Trend:
Artıq yalnız içməli suyun deyil, sənaye və tullantı sularının da
yüksək standartlarla emalı mümkündür.
Trend xəbər
verir ki, bunu “MEGA a.s.” korporasiyasının Əsas müştərilər üzrə
meneceri Mixal Yirdasek Bakıda keçirilən 2-ci Beynəlxalq Su
Təsərrüfatı Sərgi və Konfransında – “Baku Water Week”də (Bakı Su
Həftəsi) çıxışı zamanı deyib.
O, suyun təmizlənməsi və duzsuzlaşdırılmasında tətbiq edilən ən
son texnologiyalar barədə danışıb. Bildirib ki, artıq yalnız içməli
suyun deyil, sənaye və tullantı sularının da yüksək standartlarla
emalı mümkündür: “Biz suyun təmizlənməsi üçün müxtəlif üsullar –
tərs osmoz, elektrodializ və onların kombinasiyalarından istifadə
edirik. Xüsusilə “sıfır maye atığı” (Zero Liquid Discharge)
texnologiyası diqqət çəkir: bu üsulla emaldan sonra heç bir su
yenidən çay və ya digər su mənbələrinə qaytarılmır”.
Yirdasek vurğulayıb ki, elektrodializ texnologiyası tərs osmoza
nisbətən daha yüksək konsentrasiya səviyyəsinə çatmağa imkan verir.
Bu isə həm enerji sərfiyyatını azaldır, həm də böyük avadanlıqlara
olan tələbi minimuma endirir:
“Mega” şirkətinin yanaşması membran texnologiyalarını
birləşdirərək maksimum su bərpasını, minimum kimyəvi maddə
istifadəsini və karbon izinin azalmasını təmin edir. Bundan başqa,
şirkət müştərilərə “turnkey” konteyner həlləri də təklif edir –
bütün su təmizləmə avadanlığı xüsusi konteynerlərdə quraşdırılaraq
istənilən yerə daşına bilir”.
Yirdasek bildirib ki, dünyada elektro-membran texnologiyalarını
istehsal edən cəmi bir neçə şirkət var. Onun sözlərinə görə, bu
texnologiya yaxın gələcəkdə suyun emalı sahəsində inqilabi
dəyişikliklər yaradacaq.