Zakir İbrahimov “Gələcəyin mədənçisi” təhsil layihəsinin tələbə adını qazanmış iştirakçıları ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC-də kadr hazırlığı və sosial məsuliyyət fəaliyyəti
çərçivəsində icra edilən “Gələcəyin mədənçisi” layihəsinin tələbə
adını qazanmış iştirakçıları ilə görüş keçirilib.

Hibrid formatda təşkil edilən görüşdə “AzerGold” QSC-nin İdarə
Heyətinin sədri Zakir İbrahimov, tələbə adını qazanmış layihə
iştirakçıları, onların təmsil olunduqları orta təhsil məktəblərinin
rəhbərləri, Daşkəsən rayonunun təhsil ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov layihə iştirakçılarını
təbrik edərək, təhsil həyatında davamlı uğurlar arzu edib, onların
gələcəkdə dağ-mədən sahəsi üzrə ixtisaslı mütəxəssis kimi yetişməsi
üçün Cəmiyyət tərəfindən bundan sonra da müvafiq dəstəyin
göstəriləcəyini diqqətə çatdırıb.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dağ-mədən sənayesinin
aparıcı sahələrdən birinə çevrildiyini qeyd edən Z.İbrahimov
sürətli inkişafın geniş iqtisadi imkanlar yaratmaqla yanaşı,
peşəkar kadrlara olan tələbatı da artırdığını bildirib. Şirkətin
həyata keçirdiyi təhsil layihələrinin, təcrübə və təqaüd
proqramlarının əsas hədəfinin bu ehtiyacın xüsusilə hasilat
bölgələrində yaşayan sakinlərin hesabına ödənilməsinə töhfə vermək
olduğu vurğulanıb.




2021-ci ildən bugünədək təhsil və təcrübə proqramlarını uğurla
başa vuran 25 nəfərin artıq “AzerGold” QSC-nin peşəkar komandasına
qoşulduğunu qeyd edən İdarə Heyətinin sədri bu göstəricinin
reallaşdırılan layihələrin perspektivliyinin və effektivliyinin
bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Görüşdə “Gələcəyin mədənçisi” layihəsi ilə yanaşı, Heydər Əliyev
Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə həyata
keçirilmiş yeni modul tipli məktəb binasının inşası, eləcə də
bölgədə təhsilin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş
digər sosial layihələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsi
aparılıb, gələcəkdə atılacaq addımlardan bəhs edilib.

Qeyd edək ki, “Gələcəyin mədənçisi” layihəsinin icrasına 2023-cü
ildə başlanılıb. Daşkəsən rayonunda təhsil alan və layihədə iştirak
etmək istəyən 10-cu sinif şagirdləri müvafiq test imtahanı və inşa
yazısı müsabiqəsinə cəlb ediliblər. Növbəti mərhələdə daha məqbul
qiymətlər alan 10 nəfər şagird metallurgiya, dağ-mədən mühəndisliyi
və geologiya ixtisasları üzrə 20 aylıq ali məktəbə hazırlıq
proqramına cəlb edilib. Layihəni uğurla başa vurmuş 8 şagirddən 4
nəfəri ali məktəbə qəbul imtahanlarının nəticələrinə uyğun olaraq
tələbə adını qazanıb.