
Bakı. Trend:
Silk Way West Airlines şirkəti Britaniya Standartlar İnstitutu
(BSI) tərəfindən ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi (EMS)
sertifikatına layiq görülüb. Bu, aviaşirkətin ətraf mühitin
qorunması məsuliyyəti istiqamətində atdığı əhəmiyyətli addımların
göstəricisidir.
Beynəlxalq səviyyədə tanınan sertifikat, aviaşirkətin
təkmilləşdirilmiş resurs səmərəliliyi, çirklənməyə nəzarət və iqlim
əhəmiyyətli əməliyyatlar vasitəsilə ətraf mühitə təsirini azaltmaq
öhdəliyini təsdiq edir.
“Bu nailiyyət bizim işgüzar nüfuzumuzu artırır və
müştərilərimiz, tərəfdaşlarımız və tənzimləyicilərimizlə güclü,
etimada əsaslanan əlaqələr qurmaq öhdəliyimizi əks etdirir”, – deyə
Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeyd
edib.
ISO 14001 standartlarının icrası Silk Way West Airlines
şirkətinin tənzimləyici standartlara cavab vermək, əməliyyat
səmərəliliyini artırmaq və daxili dayanıqlılıq mədəniyyətini tətbiq
etmək qabiliyyətini gücləndirir.
Əldə edilmiş nailiyyət əsasında daxili dayanıqlılıq
proqramlarını tətbiq etmək, əməkdaşları təlimlərə cəlb etmək və ISO
50001 enerjinin idarə edilməsi sertifikatı kimi əlavə sertifikatlar
qazanmaqla, həmçinin GRI kimi qlobal hesabat platformalarında
iştirak etməklə aviaşirkət özünün ekoloji strategiyasını inkişaf
etdirməyi planlaşdırır.
Əsası 2012-ci ildə İpək Yolunun qəlbi olan Bakıda qoyulmuş
Silk Way West Airlines, Heydər Əliyev Beynəlxalq Hava Limanında
yerləşən Boeing 777F, 747-8F və 747-400F təyyarələrindən ibarət
donanması ilə hər ay dünyanın müxtəlif istiqamətlərinə yüzlərlə
uçuş həyata keçirir. Dayanıqlılıq və səmərəliliyə sadiq olan Silk
Way West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavab
vermək məqsədilə 2030-cu ilədək donanmasını ən müasir Boeing 777F,
Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi
planlaşdırır. Aviaşirkət illik 500 min tondan artıq yük dövriyyəsi
ilə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikada 40-dan çox
istiqamətə yükdaşıma xidmətləri göstərir.