Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi oldu

Baş səhifə

Bakı. Trend:

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlı
Qələbəmizlə başlayan zəfər yolu, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpası, yeni dövrün reallıqlarına uyğun
olaraq müəyyənləşdirilən hədəflərə nail olmaq istiqamətində atılan
inamlı addımlar Vaşinqtonda diplomatik uğurlarımızı şərtləndirdi.
Bu uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin bugünümüz və
gələcəyimiz üçün müəyyənləşdirdiyi düşünülmüş siyasət və 2003-cü
ildən bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi dayanır. Ümummilli Lider daim bu əminliyi ifadə edirdi
ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma
yurdlarına qayıdacaqlar. Dahi şəxsiyyət Azərbaycanın gələcəyini
düşünərək 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham
Əliyevə Özü qədər inandığını, Onun sona çatdıra bilmədiyi işləri,
planları məhz İlham Əliyevin axıra çatdıracağını bildirdi. Vətən
müharibəsində tarixi Zəfərimizə imza atmaqla ölkə Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün
arzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyi
bugünkü Azərbaycanı yaratdı. Hər bir uğurumuz Ulu Öndər Heydər
Əliyev siyasətinin təntənəsidir.

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və
təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi
oldu. Vaşinqton razılaşmaları ölkəmizin artan nüfuzunun, Prezident
İlham Əliyevin qətiyyətli mövqeyinin, diplomatik mübarizədə
üstünlüyümüzün nəticəsidir. Dövlətimizin başçısı həm döyüş
meydanında, həm də diplomatik arenada qələbə və böyük siyasi nüfuz
qazanan liderdir. Azərbaycan hər zaman sülhün, yeni əməkdaşlıq
formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerika
ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh
gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində
xüsusi əhəmiyyət kəsb etdi. Birləşmiş Ştatların Prezidenti Donald
Trampın dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıdı.
Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə
ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə
kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni – strateji
müttəfiqlik səviyyəsinə yüksəlir. Səfər çərçivəsində Azərbaycanla
ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə “Strateji İşçi Qrupunun yaradılması haqqında
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları
Hökuməti arasında Anlaşma Memorandumu”nun, ABŞ Prezidenti
tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin
dayandırılması barədə Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsb
edir.

Son beş ilin reallığı budur ki, Azərbaycan 2020-ci il Vətən
müharibəsində əldə etdiyi tarixi Zəfər ilə Cənubi Qafqazda yeni
geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq
hüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçün
yeni əsaslar yaradır. Bu gün Azərbaycan qalib tərəf kimi regionda
sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış
reallıqları beynəlxalq miqyasda təsdiq etməkdə, hüquqi çərçivəyə
salmaqdadır. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəliləyən sülh
danışıqları öz məntiqi nəticəsini verir. “Azərbaycan Respublikası
və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi artıq
paraflanıb. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının
bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına
birgə müraciət ünvanlandı və bu proses artıq məntiqi sonluqla
yekunlaşır. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlı
sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır –
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının
aradan qaldırılması. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bildirdi ki, Ermənistan
həmin müddəaya dəyişiklik edəcək. Elə ki, bu dəyişiklik olundu,
yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların
konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də
imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ
Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması
müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən
artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu,
həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə
yeni imkanlar açır.




Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ
müharibəsindən sonra dəfələrlə bu çağırışı edir ki, Azərbaycanın
əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin
edilməlidir. Ölkə Prezidentinin bu tələbi də Ermənistan tərəfindən
qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas
hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və
iqtisadi əlaqələrdə iştirakını təmin edən fundamental hüququdur. Bu
dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş
geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli
sabitlik perspektivləri yaradır.

Vaşinqtonda keçirilən görüş regionun tarixində xüsusi yer tutan
böyük siyasi hadisədir. Azərbaycanın illərdir formalaşdırdığı
diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində
imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verir və
əməkdaşlıq üçün geniş imkanlar açıb. Artıq regionda yeni reallıq
formalaşır və bu reallığın mərkəzində Azərbaycanın möhkəmlənmiş
mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi
dayanır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Vaşinqton razılaşmaları
sülh diplomatiyasının və müdrik liderliyin təntənəsidir. Vaşinqton
səfəri çərçivəsində keçirilən görüşlərdə, əldə olunan
razılaşmalarda Prezident İlham Əliyev Azərbaycanın gücünü,
prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş
etdirdi. Vaşinqtonda diplomatik zəfər Azərbaycanın regionda və
qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla
yanaşı, sözünün imzası qədər əhəmiyyətini təsdiqləyən, söz sahibi
olan dövlətə çevrilib. Qalib, bütövləşən Azərbaycan Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bütün
hədəflərə ardıcıllıqla nail olur. Vaşinqtonda imzalanan Birgə
Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq
qələbəsi kimi tarixə yazıldı.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir