
Bakı. Trend:
Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında canlı yayımda
çıxış edən Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji
Klinikasının həkim-stomatoloqu Güney Həsənova uşaqlarda ağız
qoxusunun (halitoz) səbəblərini və onunla necə məşğul olmağı izah
edib.
Trend
xəbər verir ki, onun sözlərinə görə, pis ağız gigiyenası, karies,
diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız)
halitoza səbəb olur:
“Həmçinin, uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki
xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər. Sarımsaq,
soğan və bəzi ədviyyatların çox qəbulu halitoza səbəb olur. Əgər
uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı
təmizlənməməsi də halitoz yaradır”.
Stomatoloq bildirib ki, ilkin olaraq valideyn uşağın dişlərinin
gündə 2 dəfə fırçalamasına və dilinin də təmizləməsinə nəzarət
etməlidir:
“Bundan əlavə, pəhrizə də diqqət edilməli, şirin, turş və
ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, bu
zaman mütləq diş həkiminə müraciət etməlidir. Diş həkimi əvvəlcə
gigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Əgər problem
davam edərsə, qan analizləri, mədə və boğazın müayinəsi üçün
mütəxəssisə yönləndirəcək”.
G.Həsənova sonda qeyd edib ki, pis qoxu çox zaman sadə səbəblərə
bağlı olur və asanlıqla aradan qalxır: “Əsas odur ki, valideynlər
diqqətli olsun və erkən müdaxilə etsinlər”.

