
Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, iqtisadiyyatın
mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya
və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və
anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha
yüksək olub.
Bu ilin avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı 1768,4 min nəfər olub, onlardan 858,1 min
nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin
təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3
faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi
nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki
fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə
iqtisadiyyatın digər sahələrində məşğul olublar.

