Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma
memorandumu imzalanıb.

Trend
xəbər verir ki, memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin
rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.

Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və
təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində
Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və
rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın
ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin
fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif
dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız
ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır. Vatikan Apostol Arxivi
isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq
müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər
boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati
qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya
üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi
mənbələrdən biri kimi tanınır.