
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS)
Qazaxıstanın Almatı şəhərində keçirilən CANSO – Beynəlxalq
Aeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrə
Aeronaviqasiya Xidmətləri Təminatçılarının (ANSP) rəhbərlərinin
3-cü Sammitində Azərbaycanı təmsil edib.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan
məlumat verilib.
Bildirilib ki, tədbir regionda təhlükəsiz, səmərəli və
əlaqələndirilmiş hava məkanının inkişafı mövzusunda aparıcı ANSP
rəhbərlərini bir araya gətirib. Xatırladaq ki, CANSO Beynəlxalq
Aeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrə
Aeronaviqasiya Xidmətləri Təminatçılarının ilk Sammiti 2023-cü ildə
Bakıda, Azərbaycanın təşkilatcılığı ilə keçirilmişdi.
Mülki aviasiya qlobal nəqliyyat sisteminin əsas sütunlarından
biridir və uçuşların təhlükəsiz, fasiləsiz və effektiv idarə
olunmasında ANSP-lərin rolu həlledicidir. Sammitdə AZANS nümayəndə
heyəti regional uçuş təhlükəsizliyi, rəqəmsallaşma, innovativ
texnologiyaların tətbiqi və ANSP-lər arasında koordinasiyanın
gücləndirilməsi mövzularında strateji müzakirələrə töhfə verib.
Bu iştirak AZANS-ın təhlükəsiz və əlaqələndirilmiş regional hava
məkanının inkişafında vacib rolunu və Azərbaycanın aviasiya
sahəsində innovasiya və əməkdaşlığa sadiqliyini bir daha
təsdiqləyib.
Son illərdə tranzit uçuşların artımı Azərbaycanın qlobal
aviasiyada strateji mövqeyini daha da möhkəmləndirib. Yalnız
2024-cü ildə ölkə hava məkanından keçən 230 min tranzit uçuş
vasitəsilə təxminən 50 milyon sərnişin daşınıb. İkitərəfli və
regional əməkdaşlıq, qabaqcıl texnologiyalar və müasir
infrastruktura əsaslanan hava məkanı idarəçiliyi Azərbaycanı
Mərkəzi Asiya ilə davamlı hava əlaqələrini təmin edən regional
qovşağa çevirib.
Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının
istifadəyə verilməsi və onların müasir rabitə, naviqasiya və
müşahidə sistemləri ilə təchiz olunması bu strateji inkişafın əsas
mərhələlərindəndir. Bu addımlar ölkəmizi təkcə tranzit mərkəzi
deyil, həm də regional hava əlaqələrinin təminatçısı kimi
möhkəmləndirərək Azərbaycanın siyasi və iqtisadi mövqeyini daha da
gücləndirir.
AZANS beynəlxalq təşkilatlar və tərəfdaşlarla sıx əməkdaşlıq
edərək regionda vahid və müasir aeronaviqasiya infrastrukturunun
formalaşdırılmasına töhfə verir və regional, həm də qlobal
tərəfdaşlarla birlikdə daha təhlükəsiz, ağıllı və əlaqəli Avrasiya
səmasının qurulmasına sadiqliyini davam etdirir.