
Bakı. Trend:
Xaçmaz rayonunun Həsənqala kəndində yerli sahibkarların
təşəbbüsü ilə mühüm infrastruktur layihə həyata keçirilir.
Trend
xəbər verir ki, sahibkarların dəstəyi ilə kəndi Qusarçay–Yeni Həyat
magistral yolu ilə birləşdirən yolun asfaltlanması işlərinə
başlanılıb.
Əsaslı təmiri aparılan yolun uzunluğu 2 kilometr təşkil edir. Bu
yol kənd əhalisinin gündəlik həyatında mühüm rol oynayacaq,
hərəkətin daha rahat, təhlükəsiz və müasir standartlara uyğun
şəkildə təşkilinə şərait yaradacaq.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Həsənqala
kəndində görülən işlərlə tanış olub. O, kəndin sosial həyatına
əhəmiyyətli töhfə verəcək bu təşəbbüsü yüksək qiymətləndirərək,
layihənin həyata keçirilməsində fəal iştirak edən sahibkarlara
təşəkkürünü bildirib.
Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Xaçmaz rayonunda sosial-iqtisadi inkişafın təmin olunması
istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun bariz
nümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamına
əsasən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi
(28 km)–Köhnə
Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli
avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb. Sözügedən yol
12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirir
və layihənin gələn il yekunlaşdırılması nəzərdə tutulur.
Sahibkarlar gələcəkdə də kəndin sosial-iqtisadi inkişafını təmin
edən müxtəlif layihələrin icrasında fəal iştirak edəcəklərini
bildiriblər. Onlar, eyni zamanda, ölkədə sahibkarlığın inkişafına
göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.