2030-cu ilədək çirkab sular üzrə tədbirlər sayəsində CO₂ emissiyaları 36% azalacaq – SOCAR

Baş səhifə

Bakı. Trend:

Əgər çirkab sular üzrə emissiyaların azaldılması potensialını
istifadə etsək, 2030-cu ilə qədər 218 milyon ton CO₂ ekvivalenti
qədər, yəni 36% azalma əldə edə bilərik.

Trend
xəbər verir ki, bunu SOCAR Baş Ofisin Ətraf mühitin idarə
olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva Bakıda
keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında –
“Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildieib ki, lakin çirkab suların təmizlənməsi olduqca bahalı
təşəbbüsdür və böyük maliyyə yatırımları tələb edir: “Bu səbəbdən
2030-cu ilə qədər yalnız 35% azalma mümkündür və onlardan yalnız
1%-i sərfəli həllər hesab olunur. 35%-lik hissə isə hər ton CO₂
üçün 30%-dən çox xərclər tələb edir”.

M. Hacıyeva qeyd edib ki, dünyanın beşdəbir su hövzəsi ya
daşqınlardan, ya da quraqlıqlardan təsirlənir, Azərbaycan da
istisna deyil, o da həmin prosesin bir hissəsidir: “Son 50 ildə ən
böyük buzlaq itkilərini yaşayırıq. Fəlakətlərin təsirləri
nəticəsində zərər çəkmiş insanların 90%-i və infrastruktur
itkilərinin 95%-i məhz su ilə bağlı fəlakətlərlə bağlıdır.

Əlbəttə, suyun keyfiyyəti ilə bağlı təhlükələr də var. Daşqınlar
baş verəndə Azərbaycan da bundan kənarda qalmır. Son illərdə,
xüsusilə bu il və ötən il böyük daşqınlar oldu, nəticədə qum və
müxtəlif çirkləndiricilər qarışaraq su anbarlarına axıdıldı”.




SOCAR rəsmisi çıxışında çirkab su məsələsinə toxunub və iqlim
dəyişikliyi üzrə bir sıra məqamları diqqətə çatdırıb: “Çirkab sular
da metan emissiyalarının mənbəyidir və qlobal miqyasda qeyri-CO₂
emissiyalarının 5%-ni təşkil edir. 2030-cu ilə qədər 609 milyon ton
CO₂ ekvivalenti həcmində emissiyaya çatacağı gözlənilir ki, bu da
qeyri-CO₂ emissiyalarının 5%-ni təşkil edəcək. Ən böyük payı isə
Çin, Meksika, Hindistan, ABŞ və Nigeriya kimi ölkələr tutur — 356
milyon ton CO₂ ekvivalenti, qalan dünya isə 42%. Bunun səbəbi isə
aydındır: əhali artdıqca, daha çox çirkab su yaranır və nəticədə
daha çox metan emissiyası meydana çıxır”.

Dünyada çirkab su və su xidmətlərinin ümumi elektrik enerjisi
istifadəsinin təxminən 3-4%-ni təşkil etdiyini vurğulayan SOCAR
rəsmisi bildirib ki, bu da əhəmiyyətli istixana qazı emissiyaları
ilə bağlıdır: “Azərbaycan və ümumiyyətlə qlobal səviyyədə,
Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında olsa da, BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişi
çərçivəsində öz emissiyalarını hesabat verməlidir. Milli istixana
qazı inventarlarının hazırlanması bütün iqtisadi sahələr üçün
vacibdir və çirkab sular da metan (CH₄) və azot oksidi (N₂O)
emissiyalarının əsas mənbəyi olaraq bu prosesdə istisna deyil.

Azərbaycanda iri tullantı sularının təmizlənməsi qurğularının
hamısı Xəzər dənizinin sahilində yerləşir və birbaşa Xəzərə
axıdılır. İqlimlə bağlı problemlər, məsələn, Xəzər dənizinin
səviyyəsinin enməsi zamanı axıdıcı xətlərin problemləri yaranır.
Yəni tullantı suları müəyyən dərinliklərdə Xəzərə buraxılmalı olur,
lakin dənizin səviyyəsi aşağı düşdüyünə görə tullantıların qarışma
səviyyəsinə çatmaq mümkün olmur. Buna görə də təmizləmə və axıdılma
standartlarına nail olunmur”.

M. Hacıyevanın sözlərinə görə, Azərbaycanda, xüsusən Abşeron
yarımadasında və mərkəzi bölgələrdə yağıntının miqdarı artıb: “Amma
yağış sularının yığılması sistemi zəifdir. Nəticədə yağış suları
kanalizasiya ilə qarışaraq tullantı sularının təmizlənmə
qurğularına düşür. Bunun nəticəsi tullantıların təmizlənmə
səmərəliliyinin azalmasıdır, çünki böyük həcmdə qarışıq suyu
səmərəli şəkildə təmizləmək mümkün deyil. Bəzi hallarda isə həmin
qarışıq sular birbaşa Xəzərə ötürülür. Zəif idarəetmə nəticəsində
tullantıların təmizlənməsi zamanı yaranan istixana qazlarının,
xüsusən də emissiyaların miqdarı artır”.

“İqlim amillərini nəzərə alan dizayn standartları və fövqəladə
hallara cavab planları hazırlanmalıdır. Başa düşülüməlidir ki,
tullantı sularının təmizlənməsi qurğularının sel suları ilə
qarışaraq ciddi təhlükə yaratması artıq fövqəladə vəziyyət
səviyyəsindədir”, – deyə M. Hacıyeva əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir