Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin
Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi
Brendan Hanrahan arasında görüş olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp
arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli və
regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni
mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs
edilib. Bu xüsusda enerji sahəsində sərmayələrin və regional
bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq
prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasında
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən
keçirilib.




Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi
layihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb və
ölkəmizin Avropaya enerji təchizatının davamlılığında Birləşmiş
Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin neft-qaz
sektorunda uzunmüddətli tərəfdaşı “ExxonMobil” şirkəti ilə
əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin
“SOCAR Trading” vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xam
neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın cari
vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Karbohidrogen və
bərpa olunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə və
Avropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindən
əlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiya
enerji bağlantılarını təmin edəcək “yaşıl enerji dəhliz”ləri
layihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞ
şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət
edilib.