
Bakı. Trend:
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş
nümayəndəsi Brenden Hanrahanın Bakıya və İrəvana səfəri 8 avqustda
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazda sülhün
yeni bir dövrünü açmış tarixi görüşünün davamıdır.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq ABŞ səfirliyindən bildirilib.
“Səfər çərçivəsində B.Hanrahan Prezident Tramp və onun
həmkarları tərəfindən imzalanmış ikitərəfli Anlaşma
Memorandumlarının icrası məqsədilə cari ilin sonunadək hər iki ölkə
ilə ilk işçi qrupların toplanacağına dair planları elan etdi”, –
deyə səfirlikdən qeyd ediblər.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Bakıda Hanrahan ABŞ və
Azərbaycan arasında ilk dəfə yaradılacaq Strateji Tərəfdaşlığın
əsasını təşkil edəcək Strateji İşçi Qrupunun nizamnamə layihəsini
təqdim edib.
Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar
və təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf
etdirilməsidir.
Diplomatik nümayəndəlikdən qeyd olunub ki, Hanrahan Bakıda ABŞ
və Azərbaycan arasında ilk dəfə təsis ediləcək Strateji
Tərəfdaşlığın əsasını təşkil edəcək strateji işçi qrupunun
nizamnaməsinin ilkin layihəsini təqdim edib. Təşəbbüsün məqsədi
regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik
məsələləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
“O, həmçinin, Prezident Trampın 907-ci düzəlişin ləğvi ilə bağlı
qərarı fonunda təhlükəsizlik sahəsində gələcək ikitərəfli
əməkdaşlıqdan danışdı. Biz Ermənistan və Azərbaycan rəsmiləri
arasında sərhədlərin delimitasiyası, minalardan təmizləmə və TRIPP
təşəbbüsünü dəstəkləmək məqsədilə infrastrukturun inkişafı ilə
bağlı son məzmunlu danışıqlar barədə xəbərləri alqışlayırıq.
ABŞ-nin rəhbərlik etdiyi birgə səylər bu proseslərlə yanaşı, özəl
investisiyaları cəlb edəcək və Ermənistan, Azərbaycan və bütövlükdə
region üçün yeni rifah dövrünü başladacaq”, – deyə səfirlikdən
bildiriblər.